Əsas Səhifə > Ədəbiyyat > Xalq yazıçısı Yusif Səmədoğlu haqqında deyilmiş fikirlərdən, yazılmış xatirələrdən və şeirlərdən seçmələr

Xalq yazıçısı Yusif Səmədoğlu haqqında deyilmiş fikirlərdən, yazılmış xatirələrdən və şeirlərdən seçmələr


Bu gün, 12:07

YUSİF SƏMƏDOĞLU - 90


2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir.

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, doğma Qazax elində də silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Bu gün Yusif Səmədoğlu bizim aramızda olmasa da o, daim qəlblərdə, Yusif sevərlərin ürəyində əbədi yaşayır. Onun haqqında deyilən fikirlər, yazılan xatirələr dəyərli ziyalımızı yaşadır, gələcək nəsillərə tanıtdırmaqda böyük rol oynayır. Xalq öz yazarını, ziyalısını bir daha yaxından tanımaq imkanı qazanır. Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın hazırladığı hazırladığı bu məqalə də məhz bu amala xidmət edir.

“Deyirlər ki, Yusif Səmədoğlu az yazıb. Bu doğrudur. Yusifin cəmi-cümlətanı 15, ya 16 hekayəsi, bir romanı nəşr olub. 3 tammetrajlı bədii filmin və bir neçə sənədli filmin müəllifidir. Daha bir romanının başlanğıcını kompüterdə yaza bilib. Amma Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin ən görkəmli simalarındandır. “Qətl günü” romanı çağdaş romançılığımızın zirvələrindən, ədəbiyyatımızın şah əsərlərindəndir”.

ANAR, 

Xalq yazıçısı

“Yusifin mütaliəsi məni heyrətləndirirdi. Kitabı necə oxumaq lazım olduğunu mən Yusifdən öyrənirdim. Adətən deyirik dahi yazıçı var, orta səviyyəli, yaxud zəif yazıçı var. Bu mənada dahi oxucu da var və bunu Yusifə şamil etmək olardı”.

VAQİF SƏMƏDOĞLU,

 Xalq şairi

“Yusif böyük yazıçı, filosof  və ictimai xadim, gözəl ailə başçısı idi. Atasının nüfuzuna nüfuz gətirən oğullardan idi. Sözübütöv və ləyaqət sahibi idi. Özüydü. Amma mən nədənsə Yusifdə Səməd Vurğunu görürdüm”.

                                   NƏRİMAN HƏSƏNZADƏ, 

Xalq şairi

Yusif Səmədoğlunun ədəbi taleyi “Qətl günü” romanı ilə bağlıdır. Mən bu barədə danışmaq istəmirəm. Mən Yusif bəyin 2 xüsusiyyətini ayrıca gözə çarpdırmaq istəyirəm. Bunlardan biri Yusifin son dərəcə yüksək ziyalı mədəniyyətidir, böyük vətənpərvərlik duyğusudur. Yusif Səmədoğlunun başqa bir xüsusiyyəti onun son dərəcə gözəl, nəcib, səmimi, xeyirxah bir insan olmasıdır. Yusif bəylə hər görüş, hər ünsiyyət adamın ürəyini işıqla doldurardı”.

                        SABİR RÜSTƏMXANLI, 

Xalq şairi

“Yusif Səmədoğlu xalqını və torpağını sevən prinsipial şəxsiyyət idi. O, Yazıçılar Birliyinin binasının İngilis səfarətinin balansına verilməsi qəqarına qarşı çıxdı, sinəsini irəli verib bizi müdafiə elədi”.

                                               ÇİNGİZ ABDULLAYEV, 

Xalq yazıçısı

““Yusif” hamıya məlum olduğu kimi, “gözəl” deməkdir. Və Yusif Səmədoğlunun bu dünyaya gəlişi, dədə-babadan gələn bu adı daşıması ilə onun (“Yusif” adının) məzmun-mündəricəsini bir az da gözəlləşdirdi.

                                   NİZAMİ CƏFƏROV, 

Akademik

“Bu günlərdə Yusif Səmədoğlunun əsərlərini yenidən oxudum. Səmimi deyirəm: Elə bildim ki, “Tibet ölülər” kitabını vərəqləyirəm. Hər ikisində ruhun bu dünyadan o dünyaya “marşrutundan”, insanın son mənzilindən danışılır. Həqiqətən də Yusif Səmədoğlu qeyb aləminin səsini eşidən adam idi”.

RÜSTƏM KAMAL, 

Professor

“Yusif Səmədoğlu ruhən, necə deyərlər, kök və qan qrupu etibarı ilə Səməd Vurğuna nə qədər oxşasa da öz taleyini yaşamışdır. Yusif Səmədoğlu mənim və mənim kimi yüzlərin, minlərin, on minlərin sevdiyi, Azərbaycan və Səməd Vurğun qədər uca tutduğu, sözünü Tanrı qədər əzizlədiyi böyük bir insan idi”.

VAQİF YUSİFLİ, 

Professor

                                               İki oğul qaldı Vurğundan bizə,

                                               Yusif-Kənan oğlu Yusifə oxşar.

                                               Adı şöhrət oldu tariximizə,

                                               Sənət dünyasında şahlıq tacı var.

MİRVARİD DİLBAZİ, 

Xalq şairi

                                               Mənim də Yusifim səninkilərlə,

                                               Qoşub bir məqsədə, qoşub bir dilə,

                                               Başında tutacaq bayrağımızı,

                                               Düşmənlər istərsə torpağımızı!

SƏMƏD VURĞUN, 

Xalq şairi


Geri qayıt