Əsas Səhifə > Təhsil > Bu medal mənim əməyimə verilən nə yüksək qiymətdir

Bu medal mənim əməyimə verilən nə yüksək qiymətdir


5-10-2017, 11:00
Bu medal mənim əməyimə verilən nə yüksək qiymətdir
Keçid dövrünü geridə qoyaraq inkişafının keyfiyyətcə yeni mərhələsinə adlamış müstəqil Azərbaycan mühüm makroiqtisadi göstəricilərə nail olmaqla yanaşı, elm və təhsil sahəsində də uğurlu nəticələrə imza atır, dövlət səviyyəsində mütərəqqi islahatları inamla davam etdirir. Neft gəlirlərini güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəltməyi mühüm vəzifə kimi qarşıya qoyan Azərbaycan Prezidenti İlham Əliyev ölkə elminin və təhsilinin inkişafı məqsədilə yeni sərəncamlar, fərmanlar imzalayır. Qloballaşma əsrində respublikada milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin inkişafından, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev elm və təhsilə qayğını, bu sahədə özünü göstərən bir sıra problemlərin həllini hökumət qarşısında ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təminatı məqsədinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamı isə təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır.

Mən də dəfələrlə qabaqcıl bir müəllim kimi Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülmüşəm. “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Bu ilin 5 oktyabr Beynəlxalq Müəllimlər Günü mənim 31 illik müəllimlik fəaliyyətimdə dərin izlərlə yadda qaldı. Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildim. Bu, mənim əməyimə verilən ən yüksək qiymətdir.

Məni bu yüksək dərəcəli medala layiq gördüyünüzə görə cənab Prezident, Sizə öz adımdan, ailəmin adından, çalışdığım M.Hüseyn adına məktəb-liseyin kollektivi adından dərin minnətdarlığımı bildirirəm.

Sizi əmin etmək istəyirəm ki, mənə göstərdiyiniz etimadı daim doğruldacağam. Qazax Müəllimlər Seminariyasının əsasını qoyan, böyük alim, müəllim F.Köçərlinin müəllimlər ordusunun bir əsgəri olaraq xalqımızın gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinin keşiyində ayıq-sayıq dayanacağam. Gənc, müstəqil Azərbaycanın gələcək qurucularının hərtərəfli şəxsiyyətlər kimi yetişməsi, milli-mənəvi dəyərlərimizə hörmət hissi ilə böyüməsi və onların vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün əlimdən gələni əsirgəməyəcəyəm. Pedaqoji fəaliyyətimi yeni-yeni prinsiplər əsasında quracağam və bu il elan edilmiş “Keyfiyyət ilini” yeni-yeni nailiyyətlərlə başa vuracağam.

Rahilə ƏLİYEVA,
M.Hüseyn adına məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi

Geri qayıt