Əsas Səhifə > Təhsil > Məqsədimiz aydın, yolumuz işıqlıdır

Məqsədimiz aydın, yolumuz işıqlıdır


29-09-2017, 16:41

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşovun müsahibəsi


Məqsədimiz aydın, yolumuz işıqlıdır
- Nicat müəllim, bu ilin iyun ayından Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini olaraq fəaliyyətə başlamısınız. Həm rəhbərliyində çalışdığınız təhsil ocağında, həm də bütövlükdə Qazaxda hansı yenilikləri müşahidə edirsiniz?

- Öncə rayonumuzda aparılan abadlıq, quruculuq işlərindən danışmaq istəyirəm. Mən əslən Qazax rayon sakini olduğuma görə bu təyinatdan əvvəl də, yəni paytaxtda işlədiyim dövrlərdə də rayonumuzdakı mövcud vəziyyətlə maraqlanır, yenilikləri izləyirdim. Bu da təbiidir. Həm tələbə olduğum vaxtlarda, həm əmək fəaliyyətinə başladığım ilk dönəmlərdə folklorun, sazın, sözün beşiyi sayılan Qazax rayonuna gələndə sözün açığı məyus olurdum. Ona görə ki, bir durğunluq yaşanırdı, insanlar daim nədənsə şikayətçi görünürdülər. Nəhayət bütün dünyanın diplomatik fəaliyyətinə görə həsəd apardığı lider, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər sahədə olduğu kimi kadr təyinatında da ədalətli mövqeyini, praqmatik yanaşma tərzini sərgiləmiş oldu.

- Yəqin ki, söhbət Qazax rayon İcra Hakimiyyətinə rəhbər təyinatından gedir.

- Sözsüz ki, bu belədir. Bəli, Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev yeni bir uğurlu kadr seçimi edərək Rəcəb Babaşovu rayon İcra Hakimiyyətinin başçısı təyin etdi, bununla da sanki Qazaxa yeni bir ab-hava gəldi. Hər bir sadə vətəndaşın probleminə öz problemi kimi yanaşan, onların həllinə yönəlik addımlar atan rəhbər abadlıq, quruculuq işlərinə yeni nəfəs gətirdi. Şəhər və kəndlərimiz indi də gözəlləşdirilir, yeni iş yerləri açılır, insanların sosial rifahı daha da yaxşılaşdırılır. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşların ailələrinin, müharibə veteranlarının rifah halını daha da yaxşılaşdırmaq üçün əməli işlər görən rayon rəhbərliyi əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması istiqamətində də müstəsna işlər həyata keçirmiş, Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla tam təmin olunmuşdur. Təkcə mənim anadan olduğum Daş Salahlı kəndində əhalinin güzəranını, rahat yaşayışını təmin edəcək nə qədər sanballı işlər görülüb, bundan sonra bir sıra layihələrin icrası, o cümlədən, yolların əsaslı təmiri plana salınıb. Əvvəlki illərdən bir neçə dəfə çox sahədə əkin işləri aparıldığından sahələrin suvarılması işində problemlərin yaşanacağı əvvəlcədən müəyyənləşdirilərək arteizan quyuları qazılıb. Yəni bu və bu kimi çoxsaylı xüsusi çəkisi olan işlərin görülməsində rayon rəhbərliyinin bir məqsədi var, əhali yaxşı yaşasın, sosial problemlər aradan qaldırılsın. Elə bu səbəbdəndir ki, Qazaxda bütün təbəqədən olan insanlar problemlərinə çevik reaksiya verildiyinə və həllinə nail olduqlarına görə cənab Prezident İlham Əliyevə minnətdardırlar.

Milli-mənəvi, multikultural dəyərlərimizə böyük rəğbət hissinin qorunub-saxlanması, təbliği və gələcək nəsillərə ötürülməsi yönündə də misilsiz işlər görülür.

Azərbaycan aşıq yaradıcılığı sənətində özünəməxsus çəkisi, yeri olan, ozan-aşıq sənətinin mahir bilicisi, görkəmli mədəniyyət xadimi aşıq Ədalət Nəsibovun vəfatı hər birimizi çox kədərləndirdi. Dədə Ədalətin əslən Qazax rayonundan olması və vəsiyyətinə əsasən Qazaxda dəfni rayon rəhbərliyinin dəstəyi ilə ən yüksək səviyyədə təşkil edildi. Bu, İcra Başçısının Azərbaycan mədəniyyətinə göstərdiyi böyük hörmət hissinin təzahürü idi.

- Bəs Qazaxda təhsil sahəsində hansı irəliləyişlərdən danışa bilərsiniz?

- Bu məsələdə də Təhsil Nazirliyi ilə yanaşı rayon rəhbərliyinin son dövrlərdə həyata keçirdiyi düşünülmüş, planlı şəkildə inkişaf xəttini tutan layihələrin uğurla icrasına diqqət çəkmək olar. Qazax rayonunda təhsilin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlərin nəticəsidir ki, bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 13 nəfər 600-dən yuxarı, 43 nəfər isə 500-dən 600-dək ballar toplayaraq ən yaxşı universitetlərdə təhsil alacaqlar. Bakı Dövlət Universitetinin Qazax filialının ürəkaçan fəaliyyəti hər bir sadə vətəndaşın ürəyindən xəbər verir. İndi qocaman təhsil ocağında əsl ziyalılar, alimlər dərs deyir, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində səylə çalışırlar.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin inkişafını təmin etmək məqsədilə də çoxsaylı işlər görülür. Bir neçə gün öncə rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə kollecin inkişafına kömək məqsədilə keçirilən müşavirədə bu təhsil ocağının probelemləri müzakirə edildi. Təhsilin səviyyəsini yüksəltmək, tələbələrin əmək bazarının artan tələblərinə uyğun formada hazırlanmasını təşkil etmək məqsədilə bir sıra maraqlı məqamlara toxunuldu. Bundan başqa, tələbələrin rahat şəraitdə təhsil almalarını təmin etmək üçün qış mövsümünə hazırlıq müzakirə edildi, kollecin binasında istilik sisteminin quraşdırılması haqqında söhbətlər aparıldı, müvafiq tapşırıqlar verildi. Bir sözlə, Qazax rayonunda bütün sahələrdə özünü qabarıq şəkildə göstərən inkişaf təhsil sahəsində də heyrətamiz yeniliklərlə yadda qalır.

GOYEZEN.AZ

Geri qayıt