Əsas Səhifə > Təhsil > S.Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümü anılıb

S.Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümü anılıb


24-02-2020, 13:08


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli 9-21/18 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi təhsil müəssisələrində də anılıb.

Növbəti anım tədbiri bu gün S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirdə iştirak edən məktəbin müəllim-şagird kollektivi əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tarixin qan yaddaşı olan Xocalı faicəsi haqqında çıxış edənlər qeyd ediblər ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıda soyqırımı həyata keçirib. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Vurğulanıb ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olub. Artıq bir çox ölkə və ABŞ-ın bir neçə ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul edib. Tədbirdə Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, şəhidlərimizin ruhunun rahatlıq tapacağına inam ifadə olunub.

Daha sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.









GOYEZEN.AZ


Geri qayıt