Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib

BDU-nun Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib


10-01-2020, 14:28


Yanvarın 9-da Bakı Dövlət Universitetinin Qazax filialında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə filialın foyesində 20 Yanvar faciəsinin şəhidlərinə həsr olunmuş fotoguşə ilə tanış olublar.

 

Filialın Heydər Əliyev auditoriyasında davam etdirilən tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinə həsr olunmuş slayd nümayiş etdirilib.


BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov konfransı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciəyə hüquqi-siyasi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə verildi və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atıldı.

 

A.Rüstəmov qeyd edib ki, "Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Respublika Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Sonra filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova "20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında Pedaqoji fənlər kafedrasının müdiri, dekan əvəzi Hamlet İlyasov, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi, şair, istefada olan mayor Mustafa Mustafayev, kafedranın müəllimi Türkan Məmmədova və Tarix ixtisasının II kurs tələbəsi Ədilə Səfərzadə 20 Yanvar faciəsinə həsr olunmuş maraqlı, yaddaqalan çıxışlar ediblər.








GOYEZEN.AZ


Geri qayıt