Əsas Səhifə > Təhsil > Qazax məktəblərində növbəti səyyar psixoprofilaktik tədbirlər keçirilib

Qazax məktəblərində növbəti səyyar psixoprofilaktik tədbirlər keçirilib


13-12-2019, 15:26


Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər də diqqət mərkəzindədir. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə bağlı hazırlanmış Tədbirlər Planı bu sahədə görülən işləri əyani şəkildə göstərir.
Respublikamızın hər yerində olduğu kimi Qazaxda da Dövlət Proqramının icrası uğurla yerinə yetirilir. Tədbirlər planında əksini tapan məsələlərlə bağlı məqsədyönlü işlər həyata keçirilir. Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2019-cu il üçün iş planı”na müvafiq olaraq cari ilin 14 oktyabrından başlayaraq Qazax rayonu üzrə şəhər və kənd tam orta məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsi də bu sahədə görülən işlərin bariz nümunəsidir.

Həmin iş planına əsasən "Narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi", "Ali və orta ixtisas təhsil müəssisələrində, narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı” barədə təbliğat aparılması, tələbələrin və şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması, "Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi” ilə bağlı təşkil olunmuş tədbirlərdə məktəblilərə qeyd olunan mövzu barədə geniş maarifləndirici məlumatlar çatdırılır.

Növbəti psixoprofilaktik tədbirlər N.Hüseynov adına Aşağı Salahlı, S.Hacıyev adına Orta Salahlı, İ.Şıxlı adına Kosalar, Canalı, A.Əliyev adına Hüseynbəyli, Ş.Çobanov adına Ağköynək, A.Məhərrəmov adına Yuxarı Əskipara kənd və F.Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəblərində təşkil olunub.

Qazax RİHBA-nın aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərovanın, Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Səmədovanın, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanovanın, Rayon Polis şöbəsi rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Tahir Orucovun, tədqiqat bölməsinin baş tədqiqatçısı, polis mayoru Ceyhun Ələkbərovun, müstəntiq Yunis Quliyevin, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Ramil Sadıqovun, DYPB-nin inspektoru, polis kapitanı Elxan Əhmədovun, rayon Prokurorunun köməkçisi Tərlan Kərimovun, ictimai təhlükəsizlik bölməsinin polis sahə və əməliyyat müvəkkillərinin iştirakı ilə keçirilən tədbirlərdə həmişə olduğu kimi şagirdlərlə narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar, yol hərəkəti qaydaları haqqında, antisosial mühitdən necə qorunmağın yolları barədə maarifləndirici söhbətlər aparılıb.

Mövzu ətrafında dolğun məlumatlar çatdıran çıxışçılar dövlət tərəfindən bu sahə ilə bağlı aparılan mübarizə yollarından danışıblar. Rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini bildiriblər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurması barədə məlumat veriblər. Müasir dövrümüzdə insanlığa bir bəla olan "ağ ölüm"ə və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətində bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Ölkəmizdə narkomaniya və narkobizneslə mübarizənin əsasının ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə əməli tədbirlərin görüldüyünü bildiriblər. Yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.








 

GOYEZEN.AZ


Geri qayıt