Əsas Səhifə > Təhsil > Martın 18-də 35 mindən çox şagird buraxılış imtahanı verəcək

Martın 18-də 35 mindən çox şagird buraxılış imtahanı verəcək


15-03-2017, 13:25
Martın 18-də 35 mindən çox şagird buraxılış imtahanı verəcək
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 18-də Bakıda (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin gün ümumilikdə 35 min 12 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar verilir.

Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırılır ki, imtahan materialları (sual kitabçası, cavab vərəqi, inşa vərəqi) imtahanın sonunda nəzarətçilərə təhvil verilməlidir. Əks halda şagirdin imtahan nəticələri ləğv edilir. Materialların hər hansı vasitə ilə kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanması qadağandır. Belə hal baş verdikdə imtahan materiallarını yayanlar haqqında müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək.
İmtahan saat 11:00-da başlanır.

İmtahana Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər isə digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün ümumilikdə 96 imtahan mərkəzi ayrılıb.

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 35 min 12 (Yasamal rayonunda 251, Səbail rayonunda 216, Xətai rayonunda 20, Xəzər rayonunda 109, Nərimanov rayonunda 15, Sabunçu rayonunda 209, Nəsimi rayonunda 54, Qaradağ rayonunda 37, Nizami rayonunda 42, Pirallahı rayonunda 10, Gəncə şəhərində 3 min 292, Daşkəsən rayonunda 294, Şəmkir rayonunda 2 min 489, Göygöl rayonunda 915, Samux rayonunda 687, Gədəbəy rayonunda 882, Qazax rayonunda 975, Ağstafa rayonunda 899, Tovuz rayonunda 2 min 59, Şamaxı şəhərində 1000, Mingəçevir şəhərində 1180, Naftalan şəhərində 80, Goranboy rayonunda 1363, Yevlax şəhərində 1344, Şəki şəhərində 1982, Zaqatala rayonunda 1379, Balakən rayonunda 908, Qəbələ rayonunda 1357, Qax rayonunda 615, Oğuz rayonunda 570, Göyçay şəhərində 1272, Ağdaş rayonunda 1256, İsmayıllı rayonunda 1039, Quba rayonunda 1942, Qusar rayonunda 1096, Xaçmaz şəhərində 2 min 17, Şabran şəhərində 675, Siyəzən rayonunda 482 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi müəllim ayrılıb.


Geri qayıt