Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir

BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir


13-06-2019, 09:52


Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Bununla əlaqədar filialın direktoru, dosent Arif Rüstəmovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Direktorun müvafiq əmri ilə nəzarət komissiyası yaradılıb, müəllim-koordinatorların bölgüsü  aparılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şərait yaradılıb.

İyun ayının 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradılıb. Qəragahın nəzdində fəaliyyət göstərən "Qaynar xətt”ə daxil olan müraciətlər Qərargah üzvləri tərəfindən dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. Valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək heç bir qanun pozuntusu aşkar olunmayıb.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı bir problemin olub-olmaması ilə maraqlanır.

Yaz semetrində 1014 nəfər tələbə iştirak edir. Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirlər. Semestr ərzində tələbələrin 217 imtahan verməsi nəzərdə tutulub. İmtahan başa çatan gün onun nəticələri tələbələrə elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir.

Sessiya iyul ayının 3-dək davam edəcəkdir. 





 

GOYEZEN.AZ



Geri qayıt