Əsas Səhifə > Təhsil > Qazaxda 28 May – Respublika Günü rayonun bütün ümumtəhsil məktəblərində qeyd olunub

Qazaxda 28 May – Respublika Günü rayonun bütün ümumtəhsil məktəblərində qeyd olunub


27-05-2019, 19:43

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin olan bir aydır. Bu gözəl may günlərinin biri - respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən 101 il ötməsinə baxmayaraq, respublikamızın hər yerində, o cümlədən də Qazaxda hər il böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur.  

Bu gün rayonun bütün ümumtəhsil məktəblərində 28 May – Respublika Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.

Tədbirlərdə müəllim-şagird kollektivi ilə yanaşı, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayon Təhsil şöbəsinin əməkdaşları da iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.

Vurğulanıb ki, müasir müstəqil Azərbaycan getdikcə daha da inkişaf edir. Bütün dünyada güclü dövlət kimi öz sözünü deməyə qadir olan bir ölkəyə çevrilir. Bunun arxasında isə ölkə başçısı İlham Əliyevin uzaqgörən dövlət siyasəti, müdrik zəkası və gərgin əməyi dayanır.

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəb





Qazax şəhər Namiq Vəliyev adına 5 saylı tam orta məktəb




Aslanbəyli kənd tam orta məktəb




 Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəb









Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəb





GOYEZEN.AZ


Geri qayıt