Əsas Səhifə > Təhsil > Qazaxda maarifləndirici tədbir keçirilib

Qazaxda maarifləndirici tədbir keçirilib


12-04-2019, 14:09


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya, erkən nikaha və dini radikalizmə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən tədbirdə tələbələrə mövzu ilə bağlı ətraflı məlumatlar çatdırılıb.

Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, son illər rayonda dini radikalizmə, erkən nikaha və narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır və maarifləndirici mövzularda tədbirlər həyata keçirilir. Qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarına görə erkən nikah 18 yaşından kiçik oğlan və qadınların ailə qurması və birgə yaşamasıdır. Uşaq hüquqları haqqında Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların erkən nikaha daxil olmaları insan hüquqlarının pozulması deməkdir. Bildirib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya XXI əsrdə də qlobal problemlər sırasında qalıb. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Narkomaniya cinayət, zorakılıq və korrupsiya yaradır. QİÇS-in sürətlə artmasına səbəb olur. Onu təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırmaq mümkün deyil, bu bəla ilə mübarizədə cəmiyyətin bütün üzvləri birləşməlidirlər. Vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulmuşdur. Sağlam dindarlar və cəmiyyət üzvləri bunu yüksək qiymətləndirirlər. Azərbaycan dövlətinin tolerant və multikultural siyasətini dəstəkləyirlər. Lakin radikal-ekstremist ruhlu kiçik qruplar öz çirkin əməlləri ilə bu siyasətə kölgə salmağa çalışır, ölkədə ictimai-siyasi və dini sabitliyi pozmağa cəhd göstərirlər. Lakin belə cəhdlərin qarşısı qanunvericilik çərçivəsində həmişə qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.

Mövzu ətrafında Qazax rayon Polis şöbəsinin rəis müavini, polkovnik–leytenant Tahir Süleymanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, rayon qeydiyyat şöbəsinin müdiri Məsumə Səmədova, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İlham Süleymanov, RİHB aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, Qazax rayonlararası ruhi xəstəxanasının narkoloq həkimi Nahidə Osmanova və Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktor müavini Vüqar Eyyubov çıxış ediblər. Çıxışlar zamanı Azərbaycanda erkən nikah problemi, onun statistikası, səbəbləri və həlli yolları, narkotik və psixotrop maddələrdən istifadənin zərərli cəhətləri və xüsusən insan orqanizminə ziyanı barədə məlumat verilib. Qeyd olunub ki, hazırda dünya əhalisinin 15-64 yaş üzrə təqribən 5%-i bu xəstəlikdən əziyyət çəkir. Çıxış edənlər dinin ideloji sahədə ən həssas və incə mahiyyətə malik olmasından, ondan siyasi, qrup və şəxsi maraqlar naminə istifadə edilməsindən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlə məşğul olan insanların mövculuğundan, onlara qarşı mübarizə yolları və digər məsələlər barədə də tədbir iştirakçılarına geniş məlumatlar çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara mövzu ilə bağlı maarifləndirici ədəbiyyatlar paylanılıb.










 

GOYEZEN.AZ


Geri qayıt