Əsas Səhifə > Təhsil > BDU Qazax filialının direktoru dünyasını dəyişib

BDU Qazax filialının direktoru dünyasını dəyişib


12-01-2019, 09:04


Əməkdar elm xadimi, professor, coğrafiya elmləri doktoru Əfəndiyev Vüsət Əmir oğlu 3 iyun 1953-cü ildə Tovuz rayonunda anadan olmuşdur. 1960-1970-ci illərdə Ağstafa şəhər orta məktəbində təhsil almışdır. 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişdir. 1977-ci ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya institutunda təbiət mühafizə şöbəsinə baş laborant, 1978-ci ildə kiçik elmi işçi, 1979–cu ildə Azərbaycan Dövlət Universitetinin SSRİ–in iqtisadi coğrafiyası kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1986–cı ildə baş müəllim vəzifəsinə, 1987-ci ildə isə dosent vəzifəsinə seçilmiş və dosent elmi adına layiq görülmüşdür. 1987-ci ildə geologiya–coğrafiya fakültəsinin dekan müavini vəzifəsinə təyin edilmiş, 1991–ci ildə yeni təşkil edilmiş coğrafiya fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 1999–cu ildə BDU–nun qiyabi və axşam şöbələri üzrə prorektor vəzifəsinə təyin edilmiş, 2004–2011-ci illərdə tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır.

2007-ci ildən "Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2015-ci ildə BDU-nun Əlavə Təhsil Mərkəzinin direktoru, 2016-cı ildən isə BDU-nun Qazax filialının direktoru vəzifəsinə təyin edilmişdir.

1985–ci ildə namizədlik "Bakı aqlomerasiyasının xarici zonasının ərazi təşkili”, 2004–cü ildə doktorluq "Azərbaycanda urbanizasiyanın iqtisadi coğrafi problemləri” dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə professor elmi adını almışdır.

2006–cı ildən AMEA Coğrafiya İnstitutunda fəaliyyət göstərən Müdafiə şurasının, BDU–nun Böyük Elmi Şurasının, Bakı Universitetinin "Xəbərləri” məcmuəsinin Baş Redaksiya Şurasının, Azərbaycan Təhsil Nazirliyinin elmi metodik şurasının coğrafiya bölməsinin üzvü olmuşdur.

1994 və 2000-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanına layiq görülmüşdür. 1998-ci ildə Akademik Həsən Əliyev adına müsabiqənin laureatı olmuşdur. 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi”, 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar elm xadimi” fəxri adını almışdır. Professor V.Ə.Əfəndiyev 6 monoqrafiyanın, ali və orta təhsil müəssisələri üçün Azərbaycan və rus dillərində 13 dərslik və dərs vəsaitinin, 5 xəritənin, 200-ə yaxın elmi məqalə və tezis, 6 metodik göstərişin və 25 proqramın müəllifidir. V.Ə.Əfəndiyevin rəhbərliyi ilə 6 nəfər coğrafiya elmləri üzrə fəlsəfə doktorluğunu müdafiə etmişdir.

Əməkdar elm xadimi, professor, coğrafiya elmləri doktoru Əfəndiyev Vüsət Əmir oğlu 11 yanvar 2019-cu il tarixdə vəfat etmişdir.

Allah rəhmət eləsin!

GOYEZEN.AZ


Geri qayıt