Əsas Səhifə > Təhsil > Qazaxda “Təhlükəsiz Davranış” barədə məlumatları özündə əks etdirən Forum teatr tamaşası keçirilib

Qazaxda “Təhlükəsiz Davranış” barədə məlumatları özündə əks etdirən Forum teatr tamaşası keçirilib


21-12-2018, 17:19


Neytral, müstəqil və qərəzsiz bir təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müstəsna humanitar missiyası müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini qorumaq və onlara yardım göstərməkdən ibarətdir. Bu cür müstəsna humanitar missiyanın daşıyıcısı olan BQXK-si tərəfindən Qazax rayonunun Kəmərli kəndində "Təhlükəsiz Davranış” barədə məlumatları özündə əks etdirən Forum teatr tamaşası keçirilib.

BQXK-nin təşkilatçılığı ilə Bakı Uşaq Teatrının peşəkar təlimçiləri tərəfindən bir neçə seçilmiş şagird ilə birlikdə 17-20 dekabr 2018-ci il tarixlərində keçirilən 4 günlük təlimdən sonra bu gün tamaşa Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbində göstərilib.

Məktəb şagirdləri və müəllimlər, eləcə də kənd sakinləri üçün göstərilən tamaşanın təşkil olunmasının əsas məqsədi cəbhəyanı ərazidə məskunlaşan əhalinin, xüsusilə də məktəb yaşlı uşaqların silahlar və silah qalıqlarının insan həyatına törətdiyi təhlükələr barədə məlumatları teatr üslubunda, yəni uşaqların anlayacağı tərzdə onlara çatdırmaqdır.

 

Tamaşada Qazax RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Sərdar Orucov, rayon Təhsil şöbəsinin müdir müavini Rasim Carçıyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı, BQXK-si Bərdə ofisinin əməkdaşları Cesika Fleurinor, Rövşən Hümbətov, Cabir Əliyev, Nailə Hüseynli, Peykər İbrahimova, Xəlil Əliyev və başqaları iştirak ediblər.

Bakı Uşaq Teatrının aktyorları Arzu Həsənli və Rauf Hüseynli tərəfindən hazırlanmış və şagirdlərin rol aldığı tamaşa böyük rəğbətlə qarşılanıb.

Tamaşa haqqında fikirlərini bölüşən iştirakçılar bugünkü tədbirin və göstərilən tamaşanın əhəmiyyətindən söz açıblar. Məktəblilərin bu mövzuda maarifləndirilməsi istiqamətində təşkil olunmuş tamaşanın böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova çıxış edərək tamaşanın təşkilinə görə əməyi keçən insanlara minnətdarlığını çatdırıb.










GOYEZEN.AZ

 

 


Geri qayıt