Əsas Səhifə > Təhsil > “Uşaq hüquqları aylığı” uğurla başa çatıb

“Uşaq hüquqları aylığı” uğurla başa çatıb


21-11-2018, 11:18


Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 29 il ötür. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılmışdır.

Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda "Uşaq hüquqları aylığı” elan edilmişdir. Aylığın keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Bu məqsədlə aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarıına, QHT və KİV-lərə, icmalara ünvanlanan müraciətlər əsasında müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edir.

Ölkəmizdə təqdirəlayiq haldır ki, Respublika Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı” keçirilmişdir. 
Ombudsmanın 2 oktyabr 2018-ci il tarixli 1/14130-18 nömrəli məktubuna əsasən "Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində rayonumuzda bir sıra tədbirlər həyata keçirilmiş, sosial, mədəni, hüquqi və digər sahələrdə işlər aparılmışdır.

Belə ki, "Uşaq hüquqları aylığı” çərçivəsində rayonun ümumtəhsil məktəblərində görüləcək işlərə dair tədbirlər planı tərtib edilmiş, ötən müddət ərzində uşaq hüquqlarının həyata keçirilməsini yaxşılaşdırmaq məqsədilə "Mənim hüquqlarım”, "Mən kiməm?, "İnsan hüquqları nədir”, "Yaşamaq hüququ”, "Təhsil hüququ”, "Mənim məktəbdə vəzifələrim”, "Müdafiə hüququ”, "Təmiz su-insan hüququdur” və.s mövzularında inşa, rəsm müsabiqələri, stend və sərgilər təşkil olunmuş, maarifləndirici söhbətlər aparılmış, uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edən geniş məlumatlar verilmiş və bu istiqamətdə uşaqların fəal iştirakı ilə müvafiq tədbirlər təşkil edilmiş və keçirilmişdir.






GOYEZEN.AZ


Geri qayıt