Əsas Səhifə > Təhsil > Məktəblilərin sevimli məkanı

Məktəblilərin sevimli məkanı


3-04-2018, 18:27
Məktəblilərin sevimli məkanı
Artıq 32 ildir ki, fəaliyyət göstərən və məktəblilərin sevimli məkanı olan Qazax Dövlət Rəsm Qalereyasına ekskursiyaların təşkil olunması ənənə halını alıb. Ümumtəhsil məktəblərinin VI-IX siniflərində təhsil alan şagirdlər hər gün qrafik əsasında qalereyada olaraq burada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə edirlər. Fevral ayının 14-dən başlayan ekskursiyada şagirdlər vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə tanış olurlar.

Bugünkü ekskursiyanın iştirakçıları isə M.Hüseyn adına məktəb-liseyin müəllim və şagirdləri olub. Məktəblilərə məlumat verilib ki, hal-hazırda qalereyada ümumilikdə 549 eksponat nümayiş olunur ki, bunlar əsasən boyakarlıq və rəsm əsərləridir. Bildirilib ki, yerli rəssamlardan Qafar Sarıvəlli, Nəcməddin Hüseynov, Alyoş Abdullayev, gənc rəssamlardan Aynurə Mustafayeva, Nəzakət Əhmədova və başqalarının rəsm əsərləri nümayiş olunur.

Qalereya ilə yaxından tanış olan ekskursiya iştirakçıları öz təəssüratlarını GOYEZEN.AZ saytının əməkdaşları ilə bölüşüblər. Şagirdlərdən Xəzəngül Gürzalıyeva, Mələknisə Mustafa, Hüseyn Əliyev, Akşin Budaqov, Rəvan Mərdanov, Lalə Nəsibova mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər. Bugünkü ekskursiyanın da maraqlı keçdiyini bildirən məktəblilər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Müəllimlərdən Mehriban Əliyeva, Ema Cəlilova, Ziyadə Vidadiyeva, Vüsalə Abdullayeva, Rəna Mahmudova rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məktəblilərin dünyagörüşünün formalaşması, rəssamlarımızın əl işləri ilə yaxından tanış olması istiqamətində bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti olduğunu qeyd ediblər. Məktəblilərin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmaları üçün yaradılan yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə bütün müəllim və şagirdlər adından minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, bu gün təşkil olunmuş ekskursiyada məktəb-liseydən 70 nəfər şagird və onların müəllimləri iştirak edib.

Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Məktəblilərin sevimli məkanı
Geri qayıt