• Təqvim

  • Unutma

  • Maraq



Qazax: Kənd məktəbinin uğurları

Qazax: Kənd məktəbinin uğurları
Son dövrlərdə respublikanın hər yerində yeni-yeni məktəb binalarının tikilib istifadəyə verilməsi və ya əsaslı təmiri geniş vüsət almışdır. Ən ucqar kəndlərdə belə bu proses uğurla davam etdirilir.
Bu günlərdə Qazax rayonunun çox da böyük olmayan bir kəndinə-Ürkməzliyə yollanaraq kəndin məktəbinə baş çəkdik. Məktəbə çatar-çatmaz həyətdə və binanın daxilindəki ideal səliqə-səhman diqqətimizi çəkdi. Bizi məktəbin direktoru İlqar Miralayev və məktəbin kollektivi hərarətlə qarşıladılar.
İlqar Miralayev uzun illik pedoqoji təcrübə sahibidir. O, 1995-ci ildən şəhid Saqif Nəsibov adına Ürkməzli kənd tam orta məktəbinə rəhbərlik edir. Onunla həmsöhbət olan zaman qeyd etdi ki, 220 şagird yerlik yeni məktəb binası 2016-cı ildə tikilərək şagird və müəllimlərin istifadəsinə verilmişdir. Məktəbin ərazisi 1,6 hektardır. Həyətdə cürbəcür meyvə və dekorativ ağaclar əkilmişdir. Məktəb müasir standartlara cavab verir. Bina lazımi tədris avadanlıqları, mərkəzləşmiş istilik sistemi, İKT, sürətli internet bağlantısı ilə təmin olunmuşdur. Eləcə də, məktəbdə kimya, fizika laboratoriyaları, müasir tələblərə cavab verən idman zalı, zəngin kitabxana, 60 yerlik akt zalı fəaliyyət göstərir. Hal-hazırda tədris ocağında 175 nəfər şagird təhsil alır. Məktəbin uğurları ilbəil artan dinamika ilə inkişaf edir. Bu il məzunlardan 12 nəfəri qəbul üçün sənəd təqdim etmiş, onlardan 8 nəfəri yüksək bal toplayaraq respublikanın nüfuzlu ali təhsil ocaqlarına, 1 nəfər isə orta ixtisas məktəbinə (tibb kollecinə) qəbul olmuşlar. Məzunlardan 3 nəfəri Tibb Universitetinin Hərbi Həkimlik fakültəsində, 1 nəfər isə Ali Hərbi Məktəbin Hərbi Aviasiya ixtisasında təhsil alır.
Ürkməzli məktəbinin şagirdləri rayon və respublika miqyasında keçirilən müxtəlif bilik yarışlarında və olimpiadalarda nailiyyətlər əldə edirlər. Belə ki, məktəbin şagirdi Baxçəliyev Yadigar Bağçalı oğlu biologiya fənnindən Bakı şəhərində keçirilən respublika olimpiadasında 3-cü yerə layiq görülərək diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Bundan başqa bu tədris ilində 9-cu sinif şagirdi Veyisli Mətin Bəkir oğlu coğrafiya fənnindən keçirilən olimpiadanın respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən bilik yarışmasında məktəbin komandası rayon üzrə 2-ci yerə layiq görülmüşdür. Bununla yanaşı şagirdlər idman yarışlarında da sevindirici nəticələr əldə edirlər. Ötən il 13-14 yaşlı yeniyetmələr arasında rayonda keçirilən mini futbol yarışında məktəbin futbol komandası 2-ci yerə layiq görülərək Qazax rayon Gənclər və İdman İdarəsinin fəxri fərman və kuboku ilə təltif olunmuşlar. YAP-ın 25 illik yubileyi ilə əlaqədar Qazax şəhərində keçirilən idman yarışında 10-cu sinif şagidi Orucov Mahir Azad oğlu sərbəst güləş üzrə 2-ci yeri tutaraq rayon İcra Hakimiyyəti tərəfindən medal və fəxri fərmanla təltif olunmuşdur. 10-cu sinif şagirdi Rəhimov Osman Yaşar oğlu kinqboksinq üzrə keçirilən yarışda 3-cü yerə layiq görülmüşdür.
İlqar Miralayev bildirdi ki, Qazaxda bütün sahələrlə yanaşı təhsilin inkişafına da rayon rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Belə ki, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq məktəbə gəlir, pedoqoji kollektivlə həmsöhbət olur, istənilən problemin dərhal həll olunması üçün müvafiq qurumlara öz tövsiyə və tapşırıqlarını verir. Müsahibənin sonunda İlqar Miralayev qeyd etdi ki, Azərbaycan dövlətinin, eləcə də, rayon rəhbərliyinin təhsilə və təhsil işçilərinə göstərdiyi hədsiz diqqət və qayğıdan ruhlanan Ürkməzli məktəbinin kollektivi yeni nailiyyətlər əldə etmək üçün öz işlərini davam etdirəcəklər.

Vəli VƏLİYEV,
"Respublika” qəzeti
24 noyabr 2017-ci il



Facebook-da paylaş