• Təqvim

  • Unutma

  • Maraq



“Mən dünyada müəllimdən şərəfli ad tanımıram”

“Mən dünyada müəllimdən şərəfli ad tanımıram”
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ulu öndərin dediyi: “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam” sözləri müəllim əməyinə verilən ən böyük qiymətdir.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda təhsil özünün inkişaf dövrünü yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əsaslı şəkildə təmir olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hallardan biri də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Ölkə Başçısının “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Prezident İlham Əliyevin qərarı ilə hər il ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi, müəllimlərə fəxri adların və dövlət təltiflərinin verilməsi biz müəllimlərə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.

Mən dəfələrlə Fəxri Fərmanlar və müxtəlif mükafatlar almışam. 2011-ci ildə Müəllim Günü ərəfəsində Ölkə Başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Ondan 1 il sonra isə “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edərək “İlin ən yaxşı müəllimi” adını almışam.

Bu gün isə mənim sevincimin həddi-hüdudu yoxdur. Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adını almağım mənim 32 illik müəllimlik tərcümeyi-halıma qızıl hərflərlə yazıldı. Bu, dövlət tərəfindən mənə verilən ən böyük mükafatdır.

Məni bu yüksək ada layiq gördüyünə görə Respublika Prezidenti İlham Əliyevə öz adımdan, ailəmin adından, işlədiyim Xanlıqlar kənd tam orta məktəbin kollektivi, ümumiyyətlə Qazaxda çalışan bütün müəllimlər adından dərin minnətdarlığımı bildirirəm.

Xatın HÜSEYNXANOVA,
Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi


Facebook-da paylaş