• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək


Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır. İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcəkdir. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcəkdir. 

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək. İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

Qazax Rayon Təhsil Şöbəsindən GOYEZEN.AZ-a verilən məlumata əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən 6 iyun 2020-ci il tarixdə rayonun ümumtəhsil məktəblərinin 11-ci siniflərində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi və Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

İmtahanlar Səlim Əfəndiyev adına şəhər 1 nömrəli, Səməd Vurğun adına şəhər 2 nömrəli, İsmət Qayıbov adına şəhər 3 nömrəli və Firuddin Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəblərin binalarında təşkil olunacaq.

Tam orta təhsil səviyyəsi üzrə rayonun ümumtəhsil məktəblərini cari ildə bitirəcək 744 nəfər şagirdin Azərbaycan dili, riyaziyyat, xarici dil fənlərindən, 9-cu sinfi bitirəcək rus bölməsi üzrə 26 nəfər şagirdin Azərbaycan dili (dövlət dili) imtahanlarında iştirakı nəzərdə tutulub.

Şöbədən verilən məlumata görə imtahanlara zal nəzarətçisi kimi rayonun ümumtəhsil məktəblərində çalışan 86 nəfər müəllimin cəlb edilməsi təmin olunacaq.

Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar. 



Facebook-da paylaş