Qazaxda daha iki məktəbə yeni istilik sistemi çəkilir
Əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi
siyasi kurs sayəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən
islahatlar, qazanılan uğurlarla yanaşı, təhsilin inkişafına, təhsil ocaqlarının
maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin sosial vəziyyətinin
yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Ölkə başçısının təhsil sahəsinə, bu
sahədə çalışan müəllimlərə, eləcə də gələcəyimiz olan uşaqlara olan diqqət və
qayğısı Qazaxda da hiss olunmaqdadır. Bunu son illər rayonda inşa olunan məktəb
binalarından, təmirə ehtiyacı olan məktəblərin yenidən qurulmasından aydın
şəkildə görmək olar. Təhsil müəssisələrində normal təlim şəraitini təmin
etmək, xüsusən də qış aylarında sinif otaqlarının istiliklə təchizatı Təhsil
Nazirliyinin daim nəzarətdə saxladığı məsələlərdən biridir. Rayonda məktəblərin istilik sistemi ilə təminatı bu il də yaxşılaşdırılır.
Məktəb binalarında istilik sistemlərinın qazlaşdırılması üçün məqsədyönlü tədbirlər
görülür. Rayon üzrə
44 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 32 məktəb binasının qazanxanaları
təbii qazla, Kəmərli, Birinci Şıxlı tam, Birinci Şıxlı ümumi orta
məktəbləri isə maye yanacaqla qızdırılır. Altı məktəbdə - Çaylı, İkinci Şıxlı,
Sarıvəlli, Yuxarı Əskipara, Orta Salahlı və Fərəhli kəndlərindəki məktəblər isə
odunla qızdırılır. Cəfərli, Hüseynbəyli, Aşağı Salahlı kənd tam orta məktəbləri
isə elektrik yağ radiatorları ilə isidilir ki, artıq həmin məktəblərdə də qaza
qoşulma təmin edilir.
Təhsil Nazirliyi tərəfindən Nizami
Hüseynov adına Aşağı Salahlı və Alı Əliyev adına Hüseynbəyli kənd tam orta
məktəblərində görülən işlər bunun bariz nümunəsidir. Əvvəllər elektrik yağ radiatorları ilə isidilən məktəblərdə artıq yeni kombi sistemi çəkilir. Usta Ramin
Həsənov çəkiliş zamanı müasir standartlara cavab verən materiallardan istifadə
olunduğunu və görülən bütün işlərin keyfiyyətlə yerinə yetirildiyini bildirir. Aşağı Salahlı kənd tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini İsabalı Mustafayev, valideynlərdən
Alı Budaqov, Nuranə Budaqova, Həvva Kəhyayeva, Hüseynbəyli kənd tam orta
məktəbin ibtidai sinif müəllimi Lətifə Nəbiyeva, valideynlərdən Təranə
İsgəndərova, Xeyransa Fərzəliyeva bölgələrimizdə təhsil sahəsinə göstərilən
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova minnətdarlıqlarını bildiriblər. Dövlət qayğısı sayəsində məktəblərdə
yeni istilik sisteminin çəkilməsi bir daha onu sübut edir ki, gələcəyimiz olan
uşaqlar hər zaman diqqət mərkəzində saxlanılır. GOYEZEN.AZ
Facebook-da paylaş