Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən “Virtual məktəb”də toplantı keçirilib
Bütün dünya dövlətlərində olduğu kimi,
Azərbaycanda da koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi
təhlükənin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata
keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus
pandemiyasına qarşı həyata keçirilən təxirəsalınmaz mübarizə tədbirləri
nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyaya nümunə göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarına əsasən təxirəsalınmaz tədbirlərdən biri də 2020-ci ilin
mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris,
təlim-tərbiyə prosesinin dayandırılmasıdır. Koronavirus infeksiyasının ölkədə
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel
saat 00:00-dək elan edilən xüsusi karantin
rejimi isə davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1
may 2020-ci il tarixli sərəncamına
əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il
mayın 4-dən 31-dək uzadılıb. Bunu nəzərə alaraq ölkə ərazisində fəaliyyət
göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin
dayandırılması hələ də davam edir. Respublikamızda xüsusi karantin rejimi elan
olunduğuna və məktəblərdə tədrisin dayandırılmasına görə bu müddət ərzində
şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə bütün
səy və imkanlardan səmərəli istifadə edilir. Şagirdlərin tədris prosesindən
uzaq qalmamaları üçün onlayn dərslərə, distant təhsilə cəlb olunmaları
istiqamətində məqsədyönlü tədbirlər görülür. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən başlayaraq start verdiyi "Virtual məktəb” layihəsi də məhz bu məqsədi daşıyır. Xalq şairi
Səməd Vurğunun adını daşıyan Qazax şəhər 2 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi də Təhsil Nazirliyinin "Virtual məktəb” layihəsinə
qoşularaq onlar üçün yaradılan imkanları dəyərləndirir, Nazirlik və rayon
Təhsil şöbəsi tərəfindən verilən tapşırıq və tövsiyələri olduğu kimi icra edirlər. Ötən tədris ilində məzunlarından 2 nəfəri 600-dən, 6 nəfər isə 500-dən yuxarı nəticə
göstərən məktəb kollektivi bu
il də yüksək göstəricilər əldə etmək üçün təhsilə qaldıqları yerdən davam edərək"Virtual
məktəb” layihəsində onlayn dərsləri uğurla yerinə yetirirlər. "Virtual məktəb”də 55 nəfər müəllimin iştirakı
ilə keçirilən toplantı da bunun əyani sübutudur. Məktəbin direktoru Murğuz Mustafayev videotoplantında
giriş sözü ilə çıxış edərək Respublika Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması
istiqamətində görülən qabaqlayıcı tədbirlərdən danışıb. Ölkə başçısının təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açan məktəb direktoru ötən ilin
fevral ayında 964 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının əsaslı
şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini həmin
qayğının bariz nümunəsi kimi göstərib. Rəhbərlik etdiyi kollektiv adından ölkə
başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil
Naziri Ceyhun Bayramova bir daha minnətdarlığını bildirib. Fəaliyyətə başladığı
ilk gündən təhsil sahəsinə olan qayğısına, müəllim əməyinə verdiyi qiymətə görə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müəllimlər adından
təşəkkür edib. Hətta, məktəbin təmiri zamanı müəllim-şagird kollektivi ilə
görüşməsini, görülən işlərlə mütəmadi olaraq maraqlanmasını rayon rəhbərinin
təhsil sahəsinə olan qayğısı kimi qeyd edib. Məktəb direktoru ilk olaraq
məktəblərdə təhsilin dayandırılmasını dövlət qayğısının daha bir nümunəsi kimi
göstərib. Ölkə vətəndaşlarının, o cümlədən də gələcəyimiz olan uşaqların
sağlamlığının qorunması istiqamətində görülən işlərə görə dövlət başçısına minnətdarlığını
bildirib. Məktəb direktoru Təhsil
Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB
"Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərdən, həmçinin 2
aprel 2020-ci il tarixdən virtual.edu.az saytında yaradılan "Virtual məktəb”
layihəsindən də söz açıb. Bütün məktəblər kimi, şəhər 2 nömrəli tam orta məktəbin də ilk gündən
"Virtual məktəb” layihəsinə qatıldığını, istər müəllimlərin, istərsə də
şagirdlərin bu layihəyə qatılmaqda fəallıq nümayiş etdirdiklərini vurğulayıb. Artıq üçüncü
dəfədir ki, "Virtual məktəb” portalında toplantı keçirən kollektiv bugünkü
virtual görüşdə də portalın yaratdıqları imkanlardan söz açıblar. Təhsil
Nazirliyinin onlar üçün açdıqları geniş imkanları bir daha minnətdarlıq hissi
ilə qarşılayıblar.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor
müavini Könül Kərimova çıxış edərək "Virtual
məktəb”də 65 nəfər müəllimin və şagirdlərdən böyük əksəriyyətinin qeydiyyatdan
keçdiklərini vurğulayıb. Həftəiçi keçirilən teledərslərdə tədris olunmuş
mövzulara uyğun hazırlanmış tapşırıqlar əsasında dərsləri onlayn qaydada tədris
etdiklərini qeyd edib. Şagirdlərin vaxtlı-vaxtında həmin dərslərə
qatıldıqlarını söyləyib. Bundan əlavə, məktəbdə tədris dayandırılan ilk andan
sosial çağırışları özündə əks etdirən videoçarxların hazırlandığını, müəllim və
şagirdlərin "Evdə qal, təhsildən geri qalma” adlı sosial layihədə fəal iştirak
etdiklərini bildirib. Videotoplantıda iştirak edən rus dili və ədəbiyyat müəllimi Təranə Yusifova, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Yaqubova,
ingilis dili müəllimi Şəfaqət Əhmədova çıxış edərək ölkəmizdə koronavirus
pandemiyası ilə bağlı görülən işlər haqda ürək sözlərini çatdırıblar. Ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sağlamlığının qorunması
istiqamətində atılan uğurlu addımları, həyata keçirilən qabaqlayıcı tədbirləri
yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, ölkə başçısının "Biz birlikdə
güclüyük!” çağırışı bir daha göstərdi ki, Azərbaycan xalqı hər zaman birlik,
həmrəylik nümayiş etdirib. Müəllimlər karantin rejimi müddətində gördükləri
işlər, "Virtual məktəb”də qeydiyyatdan keçən şagirdlər və keçdikləri
dərslər haqqında məlumat veriblər. Videotoplantıda şagirdlərin sinifdən-sinifə
keçmə, iyun ayında keçiriləcək buraxılış imtahanlarının qaydaları və s. mövzu
ətrafında da müzakirələr aparılıb. IX və XI sinif şagirdlərinin sinif
rəhbərlərinə, fənn müəllimlərinə daha da məsuliyyətli olmaları, şagirdlərin
"Virtual məktəb”ə cəlb olunmaları tövsiyə edilib. Sonda məktəb direktoru qarşıya
qoyulan məqsədlərə çatmaq üçün daha böyük səylə çalışmalarını qeyd edib və bu
işdə hər bir müəllimin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Müəllimlərə
parlaq gələcək naminə həyata keçirdikləri işlərdə uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş