Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri “Virtual məktəb”də toplantı keçiriblər
Məlum
olduğu kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada
biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarına əsasən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci
ilin mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris,
təlim-tərbiyə prosesi dayandırılıb. Koronavirus infeksiyasının ölkədə
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel
saat 00:00-dək elan
edilən xüsusi karantin rejimi davam edir. Belə ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci
il tarixli sərəncamına əsasən ölkəmizdə elan edilən
karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb.
Bu səbəbdən də ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində
tədris, təlim-tərbiyə prosesinin dayandırılması hələ də qüvvədə qalır. Respublikamızda
xüsusi karantin rejimi elan olunduğundan və məktəblərdə tədris
dayandırıldığından bu müddət ərzində şagirdlər üçün təhsilin
intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və imkanlardan səmərəli
istifadə edilir. Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün onlayn
dərslər keçirilir, distant təhsil tətbiq olunaraq əlavə tədbirlər görülür. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin "Microsoft” şirkəti ilə əməkdaşlıq
çərçivəsində aprel ayının əvvəlindən başlayaraq start verdiyi "Virtual məktəb” layihəsi Qazaxda da uğurla icra olunmaqdadır. Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi də Təhsil Nazirliyinin "Virtual məktəb” layihəsinə
qoşularaq onlar üçün yaradılan imkanlardan səmərəli istifadə edirlər. Bu gün məktəbin direktoru
Bəsdi Ələkbərova və müəllimlərin iştirakı ilə "Virtual məktəb”də toplantı
keçirilib.
Məktəbin direktoru Bəsdi
Ələkbərova ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə
koronavirus infeksiyasının qarşısının alınması istiqamətində görülən
qabaqlayıcı tədbirlərdən söz açıb. Ölkə başçısının bu sahəyə olan qayğısı
sayəsində əldə olunan uğurlu nəticələrə görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirib. Məktəb
direktoru bütün məktəblər kimi, şəhər 1 nömrəli tam orta məktəbin də ilk gündən
"Virtual məktəb” layihəsinə qatıldığını, xüsusilə də ibtidai sinif
müəllimlərinin fəallıq nümayiş etdirdiklərini vurğulayıb. Həmin ibtidai sinif müəllimlərindən
Aynur Aşurovanın, Nuriyyə Qasımovanın "Virtual məktəb”də keçdikləri dəsrlərin
ürəkaçan olduğunu qeyd edib. Məktəb direktoru bütün şagirdlərin "Microsoft Teams” adlı
tətbiqi yükləyərək "Virtual
məktəb” portalında qeydiyyatdan keçmələri, həftəiçi keçirilən teledərslərdə
tədris olunmuş mövzulara uyğun hazırlanmış tapşırıqlarla təmin olunmaları
barədə tapşırıqlarını verib. Bu il buraxılış imtahanlarında iştirak edəcək IX
və XI siniflərin sinif rəhbərlərinə, fənn müəllimlərinə daha da məsuliyyətli
olmalarını, şagirdlərin "Virtual məktəb”ə cəlb olunmalarını tövsiyə edib. Videotoplantıda iştirak
edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna Qocayeva, ibtidai
sinif müəllimlərindən Hürü Vəliyeva və Bahar Orucova çıxış edərək ölkəmizdə
koronavirus pandemiyası ilə bağlı görülən işlər haqda ürək sözlərini
çatdırıblar. Karantin rejimi müddətində gördükləri işlər, "Virtual
məktəb”də qeydiyyatdan keçən şagirdləri və keçdikləri dərslər haqqında məlumat
veriblər. Məktəb direktoru sonda bir
daha ölkə başçısı İlham Əliyevə, Təhsil Naziri Ceyhun Bayramova, Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, Rayon Təhsil şöbəsinin müdiri
Nizaməddin Babanlıya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə
rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş