• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı müəllim və şagirdlər də "Virtual məktəb" layihəsinə qoşulublar


Bildiyiniz kimi, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məktəblərdə təhsilin müvəqqəti dayandırılmasına baxmayaraq bütün ümumtəhsil məktəblərində müəllimlər müxtəlif proqramlar vasitəsilə şagirdlərə gündəlik dərsləri onlayn qaydada izah edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli sərəncamına əsasən, 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasının vaxtının uzadılmasını nəzərə alan müəllimlər bu müddət ərzində şagirdlərin təhsildən yayınmamaları üçün bütün səy və imkanlardan istifadə edirlər.

Aprel ayının əvvəlindən etibarən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Virtual məktəb" layihəsinə paytaxtla yanaşı, bölgələrdən olan müəllim və şagirdlər də cəlb edilib. Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən "Virtual məktəb” layihəsinin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da təhsil sahəsi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar şagirdlərin təhsildən geri qalmamaları üçün müəllim kollektivi böyük səylə çalışır. Şəhər və kənd məktəbləri daxil olmaqla, əksər məktəblərdə onlayn dərslər keçirilir.

 

Qazaxlı müəllim və şagirdlər də "Virtual məktəb” layihəsinin imkanlarından yararlanaraq təhsilə qaldıqları yerdən davam edirlər. Belə ki, istər müəllimlər, istərsə də şagirdlər bu layihədə qeydiyyatdan keçərək fəallıq nümayiş etdirirlər.

Bu günə kimi rayonda təhsil alan 13294 nəfər şagirddən artıq 6814 nəfəri "Virtual məktəb” layihəsində qeydiyyatdan keçib. Bu, ümumi şagird sayının 51,2%-ni təşkil edir.

Şagirdlərin təlim-tərbiyəsi ilə 1651 nəfər pedaqoji heyət məşğul olur. Dərs deyən 1377 nəfər müəllimdən 1093 nəfəri qeydiyyatdan keçib ki, bu da 79,4% deməkdir. Bundan əlavə, 33 nəfər müəllim də təlimçi kimi qeydiyyatdan keçib.

Ümumiyyətlə, Qazaxda təhsilin səviyyəsinin, ali məktəblərə qəbul göstəricilərinin əvvəlki illərdəki kimi yüksək olması üçün bütün imkanlardan səmərəli şəkildə istifadə olunur və hər cür şərait yaradılır. Rayon Təhsil şöbəsi tərəfindən şəhər və kəndlər daxil olmaqla məktəb direktorları ilə karantin rejimi dövründə görülmüş işlərə, keçirilən onlayn dərslərə dair videokonfransların keçirilməsinin nəzərdə tutulması bunun bariz nümunəsidir.

Məlumat üçün qeyd edək ki, hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirirlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunur. Qeyd edək ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər "AppStore” və "Google Play” marketlərindən "Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər.

GOYEZEN.AZ


Facebook-da paylaş