• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Tələbələr Xocalı soyqırımı qurbanlarını yad ediblər


Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Mərasim tədbir iştirakçılarının filialın foyesindəki "Xocalı soyqırımı 1992” başlıqlı fotostendə baxması ilə başlayıb.

Sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan auditoriyada keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və soyqırım dəhşətlərini özündə əks etdirən slayd nümayiş olunub.

 

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya divan tutub. O vaxtkı hakimiyyət dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırıma yönəltməli və hadisəyə hüquqi-siyasi qiymət verməli idi. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, yalnız Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu hadisənin də əsl mahiyyəti açıldı və dünya ictimaiyyətinə çatdırıldı. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edildi və hadisəyə hüquqi-siyasi qiymət verilərək fevral ayının 26-ı "Xocalı soyqırımı günü” elan olundu.


Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov "Xocalı soyqırımı işğalçı erməni siyasətinin davamıdır” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətindən danışıb. Prezident İlham Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gördüyü işlərdən söz açıb.

Sonra filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova, tələbələrdən Xəyalə Dəlləkova və Elmir Həsənov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu qeyd ediblər.




 

GOYEZEN.AZ



Facebook-da paylaş