• Təqvim

  • Unutma

  • Maraq



Elm beşiyinin layiqli sələfi


Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı daha da yaxşılaşmış və Azərbaycan dünya ölkələri sırasında qabaqcıl yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələr əsasında sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası, dövlətin təhsil sahəsində çalışan insanlara olan qayğısı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə gedən inkişaf konsepsiyasına uyğun olaraq gənc nəslə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə təhsil sisteminin müasir elmi əsaslar üzərində inkişaf etdirilməsi istiqamətində də mühüm işlər görülür. Ötən müddət ərzində təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.

Son 15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsi, Heydər Əliyev Fondunun və Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına dəyərli töhfələr vermişdir. Ona görə də birmənalı şəkildə və böyük iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır.

Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil işçilərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirlər nəzərdə tutulmuşdur. Dövlət tərəfindən təhsil sahəsinə ən yüksək səviyyədə göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkəmiz üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olan Azərbaycanın təhsil sistemi öz inkişafına görə dünyanın ən inkişaf etmiş ölkələri ilə yanaşı dayanır.

 

Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı həmin ilin iyul ayının 1-dən Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlamışdır. Prezidentin imzaladığı Sərəncamda qeyd edildiyi kimi, BDU-nun Qazax filialı "Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi” ilə yaradılmışdır. Bu mühüm əhəmiyyətli Sərəncamla Qazax Müəllimlər Seminariyası tərəfindən qoyulmuş tarixi ənənə yenidən bərpa olunmuş və regionda təhsilin inkişaf etməsinə əsaslı bir təkan vermişdir.

Sərəncamın icrası ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmış, filialın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlərin görülməsi təmin edilmiş və filialın regionda aparıcı təhsil müəssisəsinə çevrilməsi yolunda lazım gələn bütün tutarlı addımlar atılmışdır. Regional ali təhsil müəssisəsi kimi bölgədə fəaliyyət göstərən, təhsilin ən yüksək göstəricilərini özündə ehtiva edən filial öz şəffaf fəaliyyətiilə gənc nəslə müasir elmi biliklər verilməsində mühüm rol oynayaraq ixtisaslı kadrların hazırlanmasında müstəsna əhəmiyyətə malikdlir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov BDU-nun Qazax filialının yarandığı ilk gündən onun maddi-texniki bazasının möhkəmləndirilməsi, tələbələrin ən yüksək şəraitdə təhsil almaları üçün öz köməyini əsirgəməmişdir. İcra başçısının filialda həyata keçirilən demək olar ki, bütün tədbirlərdə iştirak etməsi, daim müəllim və tələbələrlə birgə olması icra hakimiyyəti ilə tədris müəssisəsinin birliyinin ən bariz nümunəsidir. Rayon rəhbəri tərəfindən göstərilən və bu gün də davam etdirilən bu diqqət və qayğı ölkənin bir nömrəli ali təhsil ocağı və universitetlərin flaqmanı olan Bakı Dövlət Universitetinin Qazax filialının bölgələrdə fəaliyyət göstərən bütün filiallar arasında birinci olmasını təmin etmişdir.

Filialın ilk direktoru olmuş Əməkdar elm xadimi, professor mərhum Vüsət Əfəndiyevin rəhbərliyi ilə filial inkişaf mərhələsinə qədəm qoymuş, az bir vaxt ərzində bu ali tədris müəssisəsində təhsil və daxili nizam-intizam köklü şəkildə yüksəlmişdir. Möhkəm şəkildə əsası qoyulan bu ənənə bu gün filialın direktoru, dosent Arif Rüstəmov tərəfindən inamla davam etdirilir və artıq özünün ən yüksək səviyyəsinə çatmışdır. Filialdakı yüksək səviyyəli tədris və təhsili bu ali təhsil ocağının bugünkü fəaliyyətindən də aydın şəkildə görmək olar.

Filialın tədris binasında müəllim və tələbələr üçün yüksək şərait yaradılmışdır. Tədris müəssisəsinin maddi-texniki bazası gücləndirilmiş, əyani və metodiki vasitələrlə tam təmin edilmişdir. Hazırda 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarındadır. Filialda 95 nəfər professor-müəllim heyəti tədrisə cəlb olunmuşdur ki, bunlardan da 1 nəfər professor, 20 nəfər elmlər namizədi-dosentdir (11 nəfər dosent, 9 elmlər namizədi). 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir. Bu göstəricilər yüksək ixtisaslı kadrlar yetişdirmək üçün gənclərin müxtəlif ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarının genişlənməsinə, ali təhsil müəssisəsinin mövcud maddi-texniki imkanlarından və kadr potensialından istifadəsinin səmərəliliyinin artmasına bariz nümunədir.


Qazax filialında görülmüş işlərin və tədrisin səviyyəsinin yüksək olmasının nəticəsidir ki, filialı seçən tələbələrin sayı ilbəil artmaqda davam edir. Bunu qəbul olan tələbələrin artım dinamikasından da aydın şəkildə görmək olar. Əgər 2016-2017-ci tədris ilində filiala cəmi 139 tələbə daxil olmuşdusa, 2017-2018-ci tədris ilində bu rəqəm artaraq 389-a çatmış, 2018-ci ildə isə 562 tələbə təhsil almaq üçün BDU-nun Qazax filialını seçmişdir. Bu tədris ilində isə 1 yeni ixtisas (Azərbayan dili və ədəbiyyat, qiyabi) əlavə olunmaqla ümumilikdə 17 ixtisas üzrə əyani şöbəyə, 4 ixtisas üzrə qiyabi şöbəyə qəbul aparılmışdır. 2019-2020-ci tədris ilində Qazax filialına respublikamızın 58 regionu üzrə 552 tələbə qəbul olunmuşdur. Bu il 6 nəfər tələbə 500 baldan, 47 nəfər tələbə 400 baldan (2018-2019-cu tədris ili üzrə 16 nəfər), 306 nəfər tələbə isə 300 baldan (2018-2019-cu tədris ili üzrə 172 nəfər) yuxarı nəticə göstərmişdir. Hazırda filialda 1480 nəfər tələbə yüksək səviyyədə təhsil alır (147 nəfər qiyabi təhsil alan) və gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişmələri üçün səylə çalışırlar. "Bilik yeganə meyardır” devizi altında təhsil alan tələbələr filialda yaradılmış şəffaflıq meyarından bəhrələnərək öz bilik və bacarıqlarını daim artırırlar. Onu da qeyd edək ki, bu il ilk dəfə olaraq filialda 4 ixtisas üzrə magistr qəbulu aparılmışdır.

Filialda tələbələrin elmi axtarış aparmaqları üçün münbit şərait yaradılmış, professor Hüseyn Xəlilovun rəhbərliyi ilə Tələbə Elmi Cəmiyyəti təsis edilmişdir. TEC-də tələbələr öz elmi biliklərini daha da zənginləşdirir, elmi axtarışlarını davam etdirirlər. Tələbə Gənclər və Tələbə Həmkarlar Təşkilatları ətrafında birləşən gənclər müxtəlif səpkili tədbirlər keçirir, tələbə həyatlarının daha da maraqlı olmasına çalışırlar.

Filialın ictimai həyatı da çoxşaxəli və zəngindir. Bütün əlamətdar günlər, milli bayramlar, anım günləri filialda müntəzəm olaraq qeyd edilir, müxtəlif tədbirlər keçirilir. Bundan başqa, filialda keçirilən yüksək səviyyəli elmi-praktik konfranslar ali təhsil müəssisəsinin elmi yeniliklərlə zəngin olmasının daha bir göstəricisidir. Təkcə 2019-cu ildə Qazax Rayon İcra Hakimiyyəti, Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dillər Universiteti və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmiş və konfransın materialları kitab şəkilində çap olunmuşdur. Bu günlərdə isə Qazax Rayon İcra Hakimiyyəti, BDU-nun Qazax filialı və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə keçirilən Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans rayon ictimaiyyəti tərəfindən rəgbətlə qarşılanmışdır.

Noyabr ayının 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. Prezident İlham Əliyevin yubiley münasibətilə bu ali təhsil ocağının əməkdaşlarının təltif edilməsi ilə bağlı imzaladığı Sərəncamda Qazax filialının da öz payı vardır. Ölkə başçısının Sərəncamına əsasən filialın tədris işləri üzrə direktor müavini, dosent Məmməd Yusifov "Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Yubiley ilə əlaqədar filialın rəhbərliyi və bir qrup əməkdaşı da mükafatlara layiq görülmüşdür. Təhsil naziri Ceyhun Bayramovun əmri ilə filialın direktoru Arif Rüstəmov, direktor müavini Məmməd Yusifov, dekan əvəzi Hamlet İlyasov, şöbə müdiri Hürü Şamilova, kafedra müdirləri Hüseyn Xəlilov və Arif Veysov, baş müəllim Aygün Əliyeva "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilmişdir.

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə noyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə ölkə başçısı proqram xarakterli nitq söyləmişdir. Qeyd etmişdir ki, "Müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.

Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu bu vəzifələri elm beşiyinin layiqli sələfi olan BDU-nun Qazax filialının müəllim və tələbələri inamla həyata keçirəcəkdir. Qazax Müəllimlər Seminariyasının sələfi olan filialın gündən-günə inkişafı, ali təhsil ocağının rayonumuzdakı parlaq fəaliyyəti Qazax rayonunun yüz illiklərdən gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinə tam əminlik yaradır.

Elçin İSMAYIL



Facebook-da paylaş