Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla qayıdan qazaxlı məktəblilər ölkə başçısına minnətdarlıq ediblər
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün
"Ölkəmizi tanıyaq” devizi altında ildə iki dəfə keçirilən maarifləndirici
tur-aksiyaların daha bir mərhələsi bu gün uğurla başa çatıb. Layihə çərçivəsində iştirak edən rayonumuzun məktəbliləri Ağstafa,
Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabulun məktəbliləri ilə birlikdə noyabrın 18-dən
21-dək davam edən tur-aksiyada Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiya edib, respublikamızın şimal-qərb bölgəsi
ilə yaxından tanış olublar. Bu gün günorta saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında
qarşılanma mərasimi olub. Tur-aksiya iştirakçılarını Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov, rayon Təhsil
şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları, eləcə də
məktəblilərin yaxınları alqışlarla qarşılayıblar. Səfərdən qayıdan məktəblilər öz təəssüratlarını bölüşüb, ənənə
halını alan bu cür layihənin təşkil
olunmasına, ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni
irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər
Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış
olmaq, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın
dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın
yeniləşən siması barədə məlumat əldə etmək imkanı yaratdığına görə layihənin təşəbbüskarı
olan ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Bir daha onu qeyd edək ki, ölkəmizdə tur-aksiyaların təşkil olunduğu
gündən ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl,
Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara,
Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil
edilib. Respublikamızın bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda,
ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti -
12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi
köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edib ki, bununla da, "Ölkəmizi
tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olub. GOYEZEN.AZ
Facebook-da paylaş