Qəbələ ilə tanışlıq qazaxlı məktəblilərin ürəyincə olub
"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən
maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan
qazaxlı məktəblilər Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir,
Samux, Neftçala, Salyan və Hacıqabulun məktəbliləri ilə
birlikdə səfər proqramına uyğun olaraq bu gün turun üçüncü günü Qəbələ rayonu ilə tanış olublar. Şagirdlərə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda tarixi
abidələr, müasir istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri,
bölgənin gözəl təbiəti ilə tanış olmaq imkanı yaradılıb. Tur-aksiya iştirakçıları gəzintiyə Qəbələ konserv zavodundan
başlayıblar. Zavodda olan məktəblilərə məlumat verilib ki, burada fəaliyyət
göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi,
həmçinin sərinləşdirici içkilər istehsal olunur. Sonra məktəblilər
Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada Ulu Öndərin həyatını və siyasi
fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Heydər Əliyev
Konqres Mərkəzi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, binanın
birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində
isə 1200 yerlik çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı
enməsi ilə müstəvi halına keçə bilir. Ənənəvi olaraq hər il reallaşan Qəbələ
Beynəlxalq Musiqi Festivalının konsertlərinin əksəriyyəti məhz bu Mərkəzdə
keçirilir. Məktəblilərin Qəbələ ilə tanışlığının
növbəti ünvanı "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Məlumat verilib ki, bölgənin ən çox turist qəbul
edən bu obyektində hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə
turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar
və beşulduzlu "Tufandağ” oteli tikilib, dağ-xizək trası süni qaryağdıran
generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət
göstərə bilir. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər
ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasına
səbəb olub. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni
dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb
edir. Bu
məlumatları maraqla dinləyən məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları,
meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər. "Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinə ekskursiya da məktəblilərin
ürəyincə olub. Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki
"Cotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə qədim
abidələrdən biridir. Tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində üç
kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə dörd mindən çox udi
yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub
saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udi dili tədris
olunur. Məktəblilər
Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna da gedib, qədim Qəbələ şəhərinin
xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də
Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə
tanış olublar. Bildirilib ki, Azərbaycanın ən
qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə
əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab
olunur. Məlumat üçün qeyd edək ki, tur-aksiya iştirakçıları şam yeməyindən sonra "Ölkəmizi tanıyaq” layihəsində
hər il reallaşan Azərbaycan
İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil
olunmuş "Nə?, harada?,
nə zaman?” adlı intellekt yarışmasında öz biliklərini nümayiş etdirəcəklər. Ümumiyyətlə, ölkəmizdə
tur-aksiyaların təşkil olunduğu gündən ötən müddət ərzində ildə iki dəfə
olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri,
Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala,
Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Respublikamızın bütün bölgələrinin əhatə olunduğu
bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər
və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər
iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin
sayı 30 mindən çox olacaq. Ənənə halını alan bu cür layihənin təşkil olunmasında isə əsas
məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı,
tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli
Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə
yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə
respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və
rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş