“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar
Xəbər verdiyimiz kimi, cənab Prezident İlham
Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici
tur-aksiyanın bu ilin payızında reallaşan ikinci mərhələsinə start verilib. Tur-aksiyada iştirak edən qazaxlı məktəblilər noyabrın 18-də Heydər Əliyev
parkından yola düşüblər. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 8 rayonun - Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının
məktəbliləri ilə birlikdə bu gün turun
ikinci günü qədim Şəkidə olublar. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Şəki Şəhər
İcra Hakimiyyəti aparatının
şöbə müdirinin müavini Sadiq Yusifov və Gənclər və İdman İdarəsinin rəisi
Vüqar İskəndərov tərəfindən mehribanlıqla
qarşılanıblar. Məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm
potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim
diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət
qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti,
nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin
irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə
inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli
bir neçə festival keçirilir. Ənənəvi olaraq keçirilən "İpək Yolu” Beynəlxalq
Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor
kollektivləri iştirak edirlər. Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya
Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq
Paytaxtı elan edilib. 2017-ci ildə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına salınıb. Bu ilin iyulunda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasında isə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”
Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, tarixən ipəkçilik diyarı
kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial
mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Bölgənin ən
iri sənaye müəssisələrindən olan "Azəripək” MMC bu gün Azərbaycanda ipəkçilik sənayesinin
inkişafına çox böyük töhfələr verir. Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış
olublar. Bildirilib ki, ötən il oktyabrın 29-da istifadəyə verilən Mərkəzin
ümumi sahəsi 3700 kvadratmetrdir. Mərkəzdə rəsm və fotostudiyalar, elektron
kitabxana, müxtəlif dərnəklər fəaliyyət göstərir. Mərkəzin yanında yeni istifadəyə verilən Bayraq
Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Bildirilib ki,
bu Muzey dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirir. Şəkinin tarixi məkanları ilə tanış olan məktəblilər əvvəlcə şəhərin qədim
tarixi hissəsinə - "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə
gəliblər. Məlumat
verilib ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə
var. Qoruğu əhatələyən əzəmətli qala divarları ilə
tanışlıq məktəblilərdə xoş təəssüratlar yaradıb. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən
çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala
divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı
tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə
aid nadir tarixi-memarlıq abidəsidir. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını
qoyan Hacı Çələbi xanın nəvəsi, "Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn
xanın dövründə - 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri
yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5
min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli
şüşə düşür. Məktəblilər
sarayın həyətində xatirə şəkilləri çəkdiriblər. Qoruğun ərazisində ötən il istifadəyə verilən
"ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb
ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə
keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb.
Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən
də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək
nəsillərə ötürülməsindən ibarətdir. Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində
yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olub, sənətkarlıq
emalatxanalarına baş çəkiblər. Aşağı və Yuxarı Karvansaray, eləcə də Cümə məscidi
ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə
tanışlıq zamanı isə bildirilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5
minə yaxın eksponat saxlanılır. Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları günün ikinci
yarısında Zaqatala rayonuna səfər
edəcəklər. Məlumat üçün bildirək ki, ümumiyyətlə, tur-aksiyaların təşkil
olunduğu gündən ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl,
Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil
edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda,
ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti -
12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi
köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi
tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox
olacaq. Ənənə halını alan bu cür tur-aksiyaların təşkil olunmasında isə əsas
məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı,
tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli
Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə
yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə
respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və
rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bundan əlavə, respublikamızın müxtəlif şəhər və rayonlarında
yaşayan gənclərin digər bölgələrə səyahətlərini təşkil etməklə məktəblilərin
dünyagörüşünü, bilik və bacarıqlarını daha da formalaşdırmaqdır.
GOYEZEN.AZ
Facebook-da paylaş