• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında keçirilmiş beynəlxalq elmi konfransın materialları kitab şəklində nəşr olunub


Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncama əsasən respublikamızda müxtəlif tədbirlər keçirilib, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermiş bu təhsil ocağının rolu və əhəmiyyəti qeyd olunub.

Həmin tədbirlərin davamı olaraq 25 may 2019-cu il tarixində Qazaxda seminariyanın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib. Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsinin səbəbləri və s. məsələlərdən danışılıb. "Azərbaycan elminin və təhsilinin müasir problemləri” mövzusunda reallaşan konfransın işində Türkiyədən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Konfransda 60-dan artıq məruzə dinlənilib.

Bu günlərdə həmin konfransın materialları kitab nəşr olunub. Kitabın titul vərəqində ölkə başçısının məlum fərmanı çap olunub. KitabQazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təbrik nitqi ilə başlayıb. Sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanovun "Təhsilimizdə tarixi ənənə və müasirlik” adlı açılış məruzəsi yer alıb. Kitabda BDU-nun Qazax filialının direktoru Arif Rüstəmovun giriş nitqi oxuculara təqdim olunub. Eyni zamanda, ADU-nun dosenti Misgər Məmmədovun elmi məqaləsi də maraqla oxunur.

Kitabda BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilovun, Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusiflinin, AMEA-nın Folklor İnstitutunun professoru Cəlal Qasımovun, Ərdahan Univesitetinin professoru Ərdoğan Altınkaymak, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru Mahmud Kamaloğlu, Edebiyyat Sanat ve Sanatçılar Dernegi Başkanı, professor Sahamettin Kuzucular, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, BDU-nun professoru Vaqif Sultanlı, AMEA-nın Folklor İnstitutunun professoru Almaz Həsənovanın, dosent və fəlsəfə doktorlarının elmi məqalələri çap olunub. 

Qori və Qazax Müəllimlər Seminariyalarının tarixinə işıq salan, Azərbaycan elminin və təhsilinin müasr problemlərini işıqlandıran, tarixi faktlar və elmi tədqiqatlarla zəngin olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

GOYEZEN.AZ



Facebook-da paylaş