• Təqvim

  • Unutma

  • Maraq



Sağalası yara deyil Xocalı

Sağalası yara deyil Xocalı
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Heydər Əliyev.

Qarabağ dağ silsiləsinin ətəyində bir şəhər var idi. Qədim türklərin məskunlaşdığı bu şəhər gözəlliyi ilə bərabər buz bulaqları, sıx meşələri ilə, eramızdan əvvəl əsrlərə aid daş kitabələri, kurqanları ilə tanınırdı. Arxeoloqlar qazıntı zamanı Assuriya şahı Adadnerarinin adı yazılmış muncuq dənəsi belə tapmışdılar bu şəhərdən. O, elə bir şəhər idi ki, nəinki tarixi abidələri, həmçinin müxtəlif növ məişət əşyaları, insan cəmiyyətinin müxtəlif dövrlərini özündə əks etdirən maddi-mədəniyyət nümunələri ilə də məşhur idi.

Erməni təcavüzünə qədər şəhər rahat, sakit həyatını yaşayırdı. Lakin bu, xain ermənilərin gözünə tikan kimi batır, gecə-gündüz onlara rahatlıq vermirdi. Ermənilər “marığa yatan pişik” kimi hücum üçün daim fürsət axtarırdılar və bu alçaq niyyətlərini rusların köməyi ilə mənfurcasına həyata keçirdilər. Bu günlərdə mətbutda bir rus vətəndaşının yazısını oxudum. O yazırdı: “Xocalı faciəsini əks etdirən foto şəkillərdə rus tanklarını gördüm, rus olduğum üçün xəcalət çəkdim”.

Xocalıya hücum 1992-ci il fevralın 25-də gecə saatlarında 366-cı rus alayının hərbi texnikasının döyüş mövqelərinə soxulması ilə həyata keçirildi. Toplardan, tanklardan atılan atəş əhalini təşvişə saldı. Onlar qurtuluşu canlarını götürüb qaçmaqda gördülər. Qarlı aşırımlarla meşələrə pənah aparanları erməni silahlı dəstələri xüsusi qəddarlıqla məhv edirdilər. Bu zaman 613 nəfər vəhşicəsinə güllələndi, 1000 nəfər müxtəlif dərəcəli xəsarət aldı, yüzlərlə sakinin taleyi isə hələ də məlum deyil.

Ermənilərin mənfur ideya rəhbəri Zori Balayan özünün “Ruhumuzun dirçəlişi” kitabında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını divara mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına sıxdı, daha sonra 13 yaşında türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Sonra Xaçatur uşağın cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Mən bir erməni kimi, öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimi izləyib fəxr duyacaq”.

Daha bir mənfur erməni müəllif Davud Xardiyan “Xaç uğrunda” kitabında murdarcasına, həyasızcasına yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltdik. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi və mən beləcə 1200 meyidin üstündən keçdim”. Budur, ermənilərin qaniçənliyi, insanlığa sığmayan zalım xisləti.

Ukraniyalı keçmiş hərbiçinin bir xatirəsini oxudum. O, Xocalı faciəsi zamanı rus hərbi hissəsinin tərkibində xidmət edirmiş. Helikopter komandiri olaraq Ağdam-Şuşa yolunun üstü ilə uçuş edərkən o, yerdə səpələnmiş alabəzək şeylər görür. Yaxınlaşanda gördüyü mənzərədən dəhşətə gəlir, məlumatı rəhbərliyə çatdırır. Səhəri gün tərkibində mərhum jurnalist Çingiz Mustafayev də olan bir qrup jurnalistlə oraya gedirlər. Çəkilişlər etməyə cəmi beş dəqiqə icazə verilir. Ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün olur. Rəhmətlik Çingizin tökdüyü göz yaşları, hıçqırıqları qulaqlarımızdan getmir, qızıl lentləri vasitəsilə haqq səsimizi artıq dünyaya çatdıra bilirik.

Xocalı soyqırımının tanınması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Biz hamımız Ermənistan dövlətinin idarəçiləri olan Serj Sarkisyanın, Robetr Koçəryanın və başqalaraının cəzalanacağı günü gözləyirik. Gez-tez bu olacaq. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi bizi inandırır ki, tezliklə ədalət zəfər çalacaq. Aprel döyüşləri bunu bir daha sübut etdi. Sübut etdi ki, o gün uzaqda deyil.

Heyran VƏKİLOVA,
BDU-nun Qazax filialının baş müəllimi,
AJB-nin üzvü.


Facebook-da paylaş