• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı məktəblilər Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla qayıdıblar


Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi bu gün uğurla başa çatıb.

Layihə çərçivəsində iştirak edən rayonumuzun məktəbliləri Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay və Tovuzun məktəbliləri ilə birlikdə martın 23-dən 26-dək davam edən tur-aksiyada Qəbələ-Şəki-Zaqatala  marşrutu üzrə ekskursiya edib, respublikamızın şimal-qərb bölgəsi ilə yaxından tanış olublar.


Bu gün günorta saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub. Tur-aksiya iştirakçılarını Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, icra aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları, eləcə də məktəblilərin yaxınları alqışlarla qarşılayıblar.

 

Tur rəhbəri Kəmalə Cəfərova bildirib ki, hər il olduğu kimi, bu il də tur-aksiya olduqca maraqlı keçib və məktəblilər Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla qayıdıblar.Qeyd edib ki, bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmayıb. "Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı intellekt yarışmasından qələbə sevinci ilə dönüblər. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdiriblər. Ümumilikdə 51 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Vurğun” komandası 1-ci yeri, "Günəş” komandası isə 3-cü yeri qazanıblar. Komandalarımız Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülüblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək qələbə sevinci ilə qayıdan məktəbliləri rayon rəhbərliyinin adından təbrik edib, səmimi arzularını çatdırıb. Bildirib ki, bu gün rayon məktəblilərinin qalib kimi qayıtmaları bizləri həm həyəcanlandırır, həm də böyük sevinc və qürur hissi bəxş edir. Eyni zamanda, bu qələbə bir daha onu sübut edir ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Çünki rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı gündən-günə artır. Bu tur-aksiyada da yaxşıların yaxşısı iştirak edirdi və qazandıqları qələbə də bunu bir daha sübut etdi ki, biz seçimimizdə yanılmamışıq.

 

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı da məktəbliləri qazanılan nailiyyət münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. "Ölkəmizi tanıyaq” layihəsinin ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edən N.Babanlı aksiyanın təşəbbüskarı olan ölkə başçısı İlham Əliyevə bütün təhsil işçiləri və Qazax ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.

Səfərdən qayıdan məktəblilər öz təəssüratlarını bölüşüb, sonda xatirə şəkli çəkdiriblər.


GOYEZEN.AZ



Facebook-da paylaş