Qazaxlı məktəblilər “Qızılgüllər diyarı” Zaqatalada
"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən
maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya
çıxan qazaxlı məktəblilər Ağcabədi, Ağdam,
Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay və Tovuzun məktəbliləri ilə birlikdə səfər proqramına uyğun
olaraq bu gün günün ikinci yarısında Zaqatala rayonunda olublar. Tur-aksiya iştirakçılarını Zaqatala rayonundakı Heydər
Əliyev Mərkəzinin qarşısında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini
Vəfa Süleymanova və aparatın digər rəhbər işçiləri mehribanlıqla qarşılayıblar.
Qarşılanma mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycanda
həyata keçirilən dövlət-gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin
Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” devizi ilə
keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın
regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Sonra məktəblilərə rayonun tarixi, mədəniyyəti,
coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib.
Bildirilib ki, "Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonunda 20-dən çox
xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban
yaşayır. Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri
düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Mərkəzlə yaxından
tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər
Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. Binanın
açılış mərasimində Respublika Prezidenti İlham Əliyev iştirak edib.
İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın
birinci mərtəbəsindəki ekspozisiya zalında ulu öndərin zəngin həyat yolu və
çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.
Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif
dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar
yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf,
dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində onlarla yeniyetmə və
gənc məşğul olur. Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı
məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında
yerləşir. Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi
fəaliyyəti barədə yazıçı Qılman İlkin "Qalada üsyan” romanını yazıb və bu əsər
əsasında "Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində
ekranlaşdırılan "Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun
ətrafında çəkilib. Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin
adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə
çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac
növü var. Son illər aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm
alıb. Ulu öndərin möhtəşəm abidəsinin ucaldıldığı bu park rayon əhalisinin,
eləcə də qonaqların ən sevimli istirahət yeridir. Məktəblilər "Qaladüzü pilləkənləri”ndən düşərək
Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər.
Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş
çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın
eksponat qorunub saxlanılır və nümayiş etdirilir. "Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla
ayrılan tur-aksiya iştirakçıları axşam saatlarında Qəbələ rayonuna
qayıdıblar. Zaqatalanın tarixi məkanları, görməli yerləri ilə tanış olan
məktəblilər bu cür tur-aksiyaların təşkilinə və bu sevinc hissini onlara bəxş
etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş