Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans təşkil ediləcək
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən bildirir ki, AMEA-nın Folklor İnstitutu, Qazax Rayon İcra
Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialı may ayında "Azərbaycan
təhsili və elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans
keçirməyi planlaşdırır. Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Qazax müəllimlər
seminariyasının 100 illik yubileyinə həsr olunan konfrans Qazax şəhərində
keçiriləcək. Konfransda müəllimlər seminariyasının tarixinə, Azərbaycan
folklorşünaslığına, elm və təhsilin problemlərinə dair məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini aprelin
1-dək qazaxseminariya@mail.ru elektron poçt ünvanına göndərə
bilərlər. Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Xalq
Cümhuriyyətinin yaşıdı, ölkəmizin mədəniyyət tarixində mühüm yeri olan "Qazax
müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”
2018-ci il noyabrın 3-də Sərəncam imzalayıb. Cümhuriyyətimizin ilk günlərində
böyük ziyalı Firidun bəy Köçərlinin sayəsində bu təhsil müəssisəsinin Qoridən
Qazaxa köçürülməsi, müstəqil dövlətimiz üçün müəllim kadrları hazırlayan ilk
təhsil ocağının fəaliyyətə başlaması nəsillərə nümunə olacaq tarixi hadisədir.
Qazax müəllimlər seminariyası öz təhsil və təlim modelinə görə Azərbaycana
Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm
Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori
seminariyasının varisi idi. Qürurverici haldır ki, bu
varisliyi Qazax seminariyası layiqincə doğrulda bildi. Görkəmli ədəbiyyatşünas,
tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə
fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana
dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda
elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Qazax
müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə
gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs
qoyub.
Facebook-da paylaş