Qazaxda ümumtəhsil məktəblərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib
Xocalı soyqırımının
27-ci ildönümünə həsr olunmuş "XX əsrin faciəsi” mövzusunda silsilə anım
tədbirləri davam edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Respublika
Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu
il tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin 6 fevral 2019-cu il tarixli 11 nömrəli Sərəncamlarına
əsasən Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün
keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında imzaladığı 11
fevral 2019-cu il tarixli Sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb.
9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış tədbirlər planında rayonun
ümumtəhsil məktəblərində anım tədbirlərinin keçirilməsi də qeyd olunub. Bu gün Milli
Qəhrəman F.Şamoyevin adını daşıyan Qazax şəhər 4 saylı tam orta məktəbdə də Xocalı
soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Məktəbin direktoru Məhəmməd
Aşurov tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin xalqımızın yaddaşında
yanla yazılmış bir faciə olduğunu bildirib. Günahsız insanların başına gətirilən
müsibətlərdən söz açan məktəb direktoru qeyd edib ki, ümummilli lider Heydər
Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur.
Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının
Ali Sovetinin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması
məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal
çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli
yazılı müraciət etmişdir. 24 fevral 1994-cü il tarixli Milli Məclisin qərarı
ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü” kimi yad olunması və bu
barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk
dəfə siyasi qiymət verilmiş oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsrin
bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı.
Tədbirdə
iştirak edən Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək bildirib ki, Xocalı qətliamı Azərbaycan
xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin
qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri
sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən
qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi
yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq,
yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən
zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək. Məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Sanıyeva, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Akif Əmirov çıxışları zamanı Xocalı faciəsinin Azərbaycan
xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildiriblər.
Xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini şagirdlərlə bölüşərək
onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər. Sonra
şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini
vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ədəbi-bədii kompozisiyalar və
mahnılar vasitəsilə ifadə ediblər. xxx xxx xxx Növbəti
anım tədbiri Milli Qəhrəman Ş.Çobanov adına Ağköynək kənd tam orta
məktəbində keçirilib. Müəllim və
şagirdlərin iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi yad olunub, o
dəhşətli günlərə bir daha nəzər salınıb.
Məktəbin
direktoru Səfurə Rəhimova çıxış edərək ermənilər tərəfindən Azərbaycan xalqına
qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən
danışıb. Bildirib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində
azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə
qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə
və yaşayış məskəni dağıdılaraq viran edilib. Sonra məktəblilərin Xocalı faciəsinə
həsr etdikləri ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunub, Vətənə,
şəhidlərə həsr olunmuş şeirlər dinlənilib. xxx xxx xxx Bu gün Qazax şəhər
Q.Hacımahmudova adına ümumi orta məktəbdə də Xocalı
faciəsinin 27–ci ildönümünə həsr olunmuş ”Biz işğalla barışmayacağıq” adlı tədbir
keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri
iştirak edib. Əvvəlcə Xocalı faciəsi
qurbanlarının əziz xatirəsi dərin hüznlə yad edilib. Məktəbin direktoru Yeganə
Göyüşlü tədbiri giriş sözü ilə açaraq bildirib ki, Xocalı faciəsi təkcə qətliam
deyil, düşmənin mənəviyyatsız hərbi heyətinin faciə qurbanlarının cəsədləri üzərində
ləyaqətsiz təhqirlər həyata keçirdiyi bəşəriyyət ləkəsidir. Xocalı faciəsində hər
cür savaş qanunları pozulmuş, dünyada misli–bərabəri olmayan cinayət törədilmişdir. Tədbirdə məktəblilərin
ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səslənib, kompoziyalar nümayiş
olunub. Tədbir məktəbin VII sinif
şagirdi Sədaqət Qaracayevanın ifasında xalq şairi B.Vahabzadənin "Əgər
qorumasaq istiqlalımızı...” adlı döyüşkən şeirin səslənməsi ilə başa çatıb. xxx xxx xxx Xocalı faciəsinin 27-ci
ildönümü A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbindədə qeyd olunub.
Məktəbin direktoru Söylü Xəlilova
çıxış edərək vurğulayıb ki, ötən
əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız
soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir.
Bu dəhşətli cinayətin iştirakçıları öz cəzalarını mütləq alacaqlar. Biz
inanırıq ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və
öz doğma torpaqlarından didərgin düşmüş insanlar yurd-yuvalarına qayıdacaqlar. Məktəblilər faciə qurbanlarının
xatirəsini dərin hüznlə yad edərək ədəbi-bədii kompozisiyalar nümayiş etdirib,
şeirlər səsləndiriblər. xxx xxx xxx Aslanbəyli kənd tam orta məktəbində də Xocalı faciəsinin 27-ci
ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Məktəbin direktoru Dilqəm Məmmədov Xocalıda
xalqımıza qarşı törədilən soyqırımı aktının bəşər tarixində ən dəhşətli cinayətlərdən
biri olduğunu vurğulayıb, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu
qanlı cinayətə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O,
xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun əvəzsiz
xidmətlərindən danışıb. Bütün məktəblərdə olduğu kimi, bu məktəbdə də
Xocalı faciəsinə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş olunub, Vətənə,
şəhidlərə həsr olunmuş şeirlər səslənib. GOYEZEN.AZ
Facebook-da paylaş