• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Aqrar sektorda marketinqin inkişafı və gənc sahibkarların maarifləndirilməsi” adlı layihə çərçivəsində tədbir keçirilib


Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində M.Hüseyn adına məktəb-liseydə "Aqrar sektorda marketinqin inkişafı və gənc sahibkarların maarifləndirilməsi” adlı layihə çərçivəsində tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun XI qrant müsabiqəsində qalib olmuş "Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyinin keçirdiyi tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, müəllimlər, tələbələr, IX-XI sinif şagirdləri və KİV nümayəndələri iştirak edib.

RİHB aparatının baş məsləhətçisi Sərdar Orucov çıxış edərək qonaqları salamlayıb, həyata keçirdikləri maarifləndirici tədbirə görə rayon rəhbərliyi adından minnətdarlığını bildirib. Qeyd edib ki, Qazaxda sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə də gənclərin bu sahəyə cəlb edilməsi üçün geniş imkanlar yaradılıb. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun dəstəyi və qayğısı sayəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlar və iş adamları üçün yaradılan yüksək şərait gənclərin də bu sahəyə marağını artırır, onların gələcəkdə iqtisadiyyatla məşğul olmalarına böyük stimul verir.

Tədbirlərdə "Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyinin sədri Hafiz Əzəmmədov çıxış edərək sahibkarlığın gənclər arasında təbliğ olunması ilə bağlı birlik tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, bu gün ölkəmizdə istər sahibkarlara, istərsə də iş adamlarına böyük dəstək göstərilir. Sevindirici hal isə odur ki, bu dəstək bölgələrimizdə də nəzərə çarpacaq dərəcədə hiss olunur. Qazaxda rayon rəhbərliyi tərəfindən sahibkarlara verilən dəstək, göstərilən diqqət və qayğı bunun əyani sübutudur.

Təlimçi Vilayət Quliyev "Aqrar sektorda marketinqin inkişafı və gənc sahibkarların maarifləndirilməsi” mövzusunda geniş məruzə ilə çıxış edərək dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.

Məktəb-liseyin direktoru Tahirə Comərdova gənclərin sahibkarlıq sahəsi ilə bağlı daha dərin biliklərə yiyələnmələri üçün bu cür layihələrin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirlərdə məktəblilərə və tələbələrə maarifləndirici bukletlər paylanılıb. Həmçinin, səmimi diskussiya şəklində keçən tədbirlərdə iştirakçıların maraqlı fikir və təklifləri dinlənilib.









GOYEZEN.AZ



Facebook-da paylaş