Məktəblilər ekskursiyalara həvəslə gəlir » Göyəzən internet portalı


Məktəblilər ekskursiyalara həvəslə gəlir

Məktəblilər ekskursiyalara həvəslə gəlir
Bildirdiyimiz kimi, fevral ayının 14-dən başlayaraq Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına təşkil edilən ekskursiyalarda orta məktəblərin VI-IX siniflərində təhsil alan şagirdlər və onların müəllimləri fəal iştirak edir.

1 aydan artıqdır ki, davam edən ekskursiyada həvəslə iştirak edən Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri və müəllimləri bu gün növbəti dəfə muzeyin və qalereyanın qonağı olublar.

Ekskursiya zamanı iştirakçılara qədim tarixə malik olan Qazax rayonunun keçmişi və bu günü haqqında ətaflı məlumatlar verilib. Qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Ekskursiya zamanı şagirdlərə muzeyin 1-ci mərtəbəsindəki guşələrdə əks olunmuş tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi haqqında geniş məlumat verilib. Qeyd edilən məlumatlarda Qazaxın zəngin faunaya, bitki örtüyünə və torpaq növlərinə malik olması çatdırılıb. Daha sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.

GOYEZEN.AZ saytına ekskursiya ilə bağlı təəssüratlarını bölüşən məktəbin şagirdlərindən Səadət Çıraqova, Reyhan Həbibova, Tuncay Kərimov, Bəşir Adıgözəlov, Kənan Kəlayev ekskursiyanın onlar üçün olduqca maraqlı olduğunu qeyd ediblər. Muzeydə şairlərimiz, yazıçılarımız, aşıqlarımız barədə dolğun məlumatlar əldə edən şagirdlər “Səməd Vurğun” adlı bölmədə Xalq şairinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına bəxş etdiyi əvəzolunmaz şeirləri haqqında olan məlumatlarla tanış olublar.

Qalereyada nümayiş olunan rəsm əsərləri, əl işləri, xüsusilə də vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər barədə də fikirlərini bölüşüblər. Bundan sonra da tez-tez ekskursiya edəcəklərini bildirən məktəblilər muzey və qalereyadan xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.

Məktəbin direktor müavini Reyhan Yaşılova, Qasım Süleymanov, müəllimlərdən Fəxrəddin Kəlayev, Pəri Mancanova, Aygün Kazımova, Aişə Yolçuyeva, Elmar Qocayev ekskursiya barədə fikirlərini bölüşərək şagirdlərin dərin biliklər əldə etməsi üçün yaradılan bu yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən təşkil olunmuş ekskursiyaların məktəblilərin dünyagörüşünün formalaşmasında böyük rol oynadığını qeyd edərək bu cür ekskursiyaların təşkilini yüksək qiymətləndiriblər.

Məlumat üçün qeyd edək ki, bu günə kimi ekskursiyada Yuxarı Salahlı kənd tam orta məktəbindən 192 şagird və onların müəllimləri iştirak edib.

Məktəblilər ekskursiyalara həvəslə gəlir
Məktəblilər ekskursiyalara həvəslə gəlir
Məktəblilər ekskursiyalara həvəslə gəlir


Facebook-da paylaş