• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər razılıq edirlər

Məktəblilər razılıq edirlər
Xəbər verdiyimiz kimi, rayonumuzun məktəbliləri fevral ayının 14-dən başlayaraq Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına ekskursiya edirlər. Ümumtəhsil məktəblərinin VI-IX siniflərində təhsil alan şagirdlərin və məktəb müəllimlərinin iştirak etdiyi ekskursiyalarda rayonun tarixini, dünənini, bu gününü özündə əks etdirən dolğun məlumatlar verilir, qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini özündə əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında geniş məlumatlar çatdırılır.

Hər gün bir neçə məktəbin qonaq olduğu muzeyin bugünkü iştirakçıları A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin şagirdləri və müəllimləri olub. Qrafik əsasında üç gün ekskursiya edən məktəblilərə muzeydə olan eksponatlar haqqında ətraflı məlumatlar verilib.

Muzeydə şagirdlərə ilk olaraq 1-ci mərtəbədə yerləşən və rayonunun tarixini özündə əks etdirən xəritə, Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi haqqında ətraflı məlumat verilib. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub. Daha sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.

GOYEZEN.AZ saytının əməkdaşına ekskursiya ilə bağlı təəssüratlarını bölüşən şagirdlərdən Aytən və Ayşən Səttarovalar, Şəymən Məsməliyeva, Aysel Mehdiyeva, Aqil Nəsibov, Alı Hacıyev muzey və qalereyadan çox yüksək təəssüratlarla ayrıldıqlarını qeyd ediblər. Muzeydə olan zəngin tarixi məlumatları, qalereyada nümayiş olunan rəsm əsərlərini, əl işlərini, xüsusilə də vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkilləri böyük maraqla qarşıladıqlarını bilidiriblər.

Məktəbin müəllimlərindən Nazı Paşayeva, Südabə Hüseynova, Sevinc Əfəndiyeva, Fərhad Cəfərov rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən təşkil olunmuş bu cür ekskursiyaların istər müəllimlər, istərsə də şagirdlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar. Onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, bu günə kimi təşkil olunmuş ekskursiyalarda Daş Salahlı kənd 1 saylı tam orta məktəbdən 244 şagird və onların müəllimləri iştirak etmişdir.

Məktəblilər razılıq edirlər
Məktəblilər razılıq edirlər
Məktəblilər razılıq edirlər
Məktəblilər razılıq edirlər


Facebook-da paylaş