“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya davam edir. Tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə hərəkət edən rayonumuzun məktəblilərindən ibarət qrup ekskursiyanın ikinci günü, martın 27-də Şəkidən sonra Qəbələ şəhərinə gəliblər.

Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova və təhsil şöbəsinin əməkdaşları qarşılayıblar. Ə.Osmanova şagirdlərə Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda tarixi abidələr, müasir istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri, bölgənin gözəl təbiəti ilə tanış olmaq imkanı əldə edəcəklərini bildirib.

Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.

Məktəblilərin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, hazırda kompleksin 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə, 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr ediblər.
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsi ilə tanış olublar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə üç kilsə və iki məscid var. Altı mindən çox əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Buradakı udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.

Məktəblilər Qəbələ konserv zavodunda istehsal prosesi ilə də tanış olublar. On iki hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.

Şagirdlər sonra Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiya iştirakçılarına bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim Qəbələ şəhəri barədə geniş məlumat verilib.

“Gilan” qida şəhərciyi, beşulduzlu otellər, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə tanışlıq da tur-aksiya iştirakçılarında xoş təəssürat oyadıb.

Qəbələyə səfər zamanı şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gölü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər xatirə şəkilləri çəkdiriblər. Bildirilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.
Yengicə kəndindəki “Zoopark”a ekskursiya da şagirdlərə xoş anlar yaşadıb.

Qəbələyə səfər başa çatdıqdan sonra tur-aksiya iştirakçıları Şəkiyə qayıdıblar. Məktəblilər bu gün Zaqatalaya səfər edəcəklər.

ELÇİN İSMAYIL

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə


Facebook-da paylaş