Məktəblilər ekskursiyalara həvəslə gəlir » Göyəzən internet portalı


Məktəblilər ekskursiyalara həvəslə gəlir

Məktəblilər ekskursiyalara həvəslə gəlir
Fevral ayının 14-dən başlayaraq Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına təşkil edilən ekskursiyalarda orta məktəblərin VI - IX siniflərində təhsil alan şagirdlər və onların müəllimləri iştirak edir.

Bu gün Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri ekskursiyanın iştirakçısı olublar.

Ekskursiya zamanı iştirakçılara qədim tarixə malik olan Qazax rayonunun keçmişi və bu günü haqqında ətaflı məlumatlar verilib. Qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Ekskursiya zamanı şagirdlərə muzeyin 1-ci mərtəbəsindəki guşələrdə əks olunmuş tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi haqqında geniş məlumat verilib. Qeyd edilən məlumatlarda Qazaxın zəngin faunaya, bitki örtüyünə və torpaq növlərinə malik olması çatdırılıb. Daha sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.

GOYEZEN.AZ saytına ekskursiya ilə bağlı təəssüratlarını bölüşən məktəbin şagirdlərindən Telli Nəsibova, Havva Həsənəliyeva, Ləman Eyyubova, Qurbanəli Qurbanov ekskursiyanın onlar üçün olduqca maraqlı olduğunu qeyd ediblər. Muzeydə şairlərimiz, yazıçılarımız, aşıqlarımız barədə dolğun məlumatlar əldə edən şagirdlər “Səməd Vurğun” adlı bölmədə Xalq şairinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına bəxş etdiyi əvəzolunmaz şeirləri haqqında olan məlumatlarla tanış olub, muzey və qalereyadan çox yüksək təəssüratlarla ayrıldıqlarını vurğulayıblar.

Şagirdlərdən Elcan Şəmsiyev, Ülvi Həbibov, Ramin Süleymanov, Əziz Rüstəmov isə qalereyada nümayiş olunan rəsm əsərləri, əl işləri, xüsusilə də vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər barədə fikirlərini bölüşüblər. Muzey və qalereyadan xoş təəssüratlarla ayrılan məktəblilər bundan sonra da tez-tez ekskursiya edəcəklərini qeyd ediblər.

Məktəbin direktoru Məhəmməd Qocayev, direktor müavini Qasım Süleymanov, müəllimlərdən Aytac Bayramova, Fikrət Alıyev, Aişə Yolçuyeva, Kəmalə Məmmədova ekskursiya barədə fikirlərini bölüşərək şagirdlərin dərin biliklər əldə etməsi üçün yaradılan bu yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məktəblilərin dünyagörüşünün formalaşması istiqamətində təşkil olunmuş bu cür ekskursiyaları yüksək qiymətləndiriblər.

Bugünkü ekskursiyada 127 şagird və onların müəllimləri iştirak edib.

Məktəblilər ekskursiyalara həvəslə gəlir
Məktəblilər ekskursiyalara həvəslə gəlir
Məktəblilər ekskursiyalara həvəslə gəlir
Məktəblilər ekskursiyalara həvəslə gəlir


Facebook-da paylaş