• Təqvim

  • Unutma

  • Maraq



Ekskursiya məktəblilərin ürəyincədir

Ekskursiya məktəblilərin ürəyincədir
Azərbaycana dahi şəxsiyyətlər, elm xadimləri, şairlər, yazıçılar bəxş edən Qazax rayonu tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri ilə də zəngindir. Rayonun tarixini, dünəni, bu gününü bilmək, rəssamlarını yaxından tanımaq hər bir vətəndaşın ən ümdə borcudur. Bütün bunların öyrənilməsində isə bizlərə hər zaman yardımçı olan muzey və qalereyaların böyük əhəmiyyəti vardır.

Rayonumuzda artıq ikinci dəfədir ki, məktəblilərin Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Qazax Dövlət Rəsm Qalereyasına ekskursiyaları təşkil olunub. Bir aydır ki, davam edən ekskursiyada rayon məktəblərinin VI-IX siniflərində təhsil alan şagirdlər və onların müəllimləri iştirak edir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən təşkil olunan ekskursiyada əsas məqsəd rayonumuzun tarixini, keçmişini və bu gününü məktəblilərə çatdırmaq, tanınmış rəssamların əl işləri ilə yaxından tanış etməkdir.

Ənənə halını almış ekskursiyanın bugünkü iştirakçıları Valeh Musayev adına İkinci Şıxlı və Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəblərin şagirdləri və müəllimləri olub.

Əvvəlcədən təyin edilmiş qrafikə əsasən ilk olaraq muzeylə tanış olan məktəblilərə 1-ci mərtəbədə yerləşən Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında ətraflı məlumat verilib. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub. Daha sonra məktəblilər muzeyin 2-ci mərtəbəsində olan bölmələrlə tanış olublar.

Sonra ekskursiya iştirakçıları Qazax Dövlət Rəsm Qalereyasında qonaq olublar. Azərbaycan miniatürləri, görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri ilə zəngin olan qalereyada şagirdlərə məlumat verilib ki, hal-hazırda burada ümumilikdə 549 eksponat nümayiş olunur. Bunlar əsasən boyakarlıq və rəsm əsərləridir. Bildirilib ki, yerli rəssamlardan Qafar Sarıvəlli, Nəcməddin Hüseynov, Alyoş Abdullayev, gənc rəssamlardan Aynurə Mustafayeva, Nəzakət Əhmədova və başqalarının rəsm əsərləri nümayiş olunur.

Ekskursiyanın sonunda hər iki məktəbin müəllim və şagirdləri muzey və qalereya barədə təəssüratlarını bölüşüblər.

İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov, müəllimlərdən Faiq Alıyev, Maya Süleymanova, Korca İsmayılov, Rafiq Süleymanov, Qaymaqlı kənd tam orta məktəbin direktoru İlham Nəsibov, müəllimlərdən İsmayıl İsmayılov, Tapdıq Nəbiyev, Rövşən İsmayılov, Müsəllim Məmmədov məktəblilərin dərin biliklərə yiyələnməsi istiqamətində rayon rəhbərliyinin tapşırığına əsasən təşkil olunmuş bu cür ekskursiyaların istər müəllimlər, istərsə də şagirdlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.

İkinci Şıxlı məktəbinin şagirdlərindən Firuddin Eyyubov, Tükəzban Vəliyeva, Orxan Abbasov, Məryəm Kazımova, Fəqan Cəlalov, Mehriban Binnətova, Qaymaqlı məktəbinin şagirdlərindən Əhməd Məmmədov, Nəsib Nəsibov, Abdulla Şərifov, Gülxar Gobalova, Aytən Muradova, Güləndam Vəliyeva qədim Qazax xalçaları, aşıq sənəti, şairlər, tarixi şəxsiyyətlər, elm adamları haqqında ətraflı məlumatlar əldə etdiklərini bildiriblər. Muzey və qalereyadan xoş təəssüratlarla ayrıldıqlarını qeyd edən məktəblilər onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə bütün şagird yoldaşları adından öz dərin minnətdarlıqlarını bildirib, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.

Bugünkü ekskursiyada İkinci Şıxlı kənd tam orta məktəbindən 145, Qaymaqlı kənd tam orta məktəbindən isə 90 nəfər şagird və onların müəllimləri iştirak edib.

Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
GOYEZEN.AZ


Facebook-da paylaş