Ekskursiya məktəblilərin ürəyincədir » Göyəzən internet portalı


Ekskursiya məktəblilərin ürəyincədir

Ekskursiya məktəblilərin ürəyincədir
Ötən il olduğu kimi, bu il də məktəblilərin Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasına ekskursiyaları təşkil olunub. Məktəblərin VI-IX siniflərində təhsil alan şagirdlər tərtib edilən qrafikə əsasən muzey və qalereya ilə tanış olurlar. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən təşkil olunan ekskursiyanın əsas məqsədi rayonumuzun tarixini, dünənini və bu gününü, eləcə də tanınmış rəssamların, heykəltaraşların əsərlərini, əl işlərini, tablolarını məktəblilərə tanıtmaq, ümumdünya görüşünü artırmaqdır.

Fevral ayının 14-dən start götürən ekskursiyanın bugünkü iştirakçıları Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin müəllim və şagirdləri olub.

Məktəblilər öncə muzeydə olan eksponatlarla yaxından tanış olaraq rayonumuz haqqında ətraflı məlumat əldə ediblər. Muzeyin 1-ci və 2-ci mərtəbəsi ilə yaxından tanış olan məktəblilərə rayonun Daş Salahlı kəndində yerləşən Damcılı mağarası, qədim daş dövrü, mezolit, neolit, tunc dövrünə aid olan eksponatlar barədə ətraflı məlumat verilərək onları maraqlandıran suallar cavablandırılıb. Dəmir dövrünə aid olan bölmədə rayonun son tunc və ilk dəmir dövrünə aid nümunələr, tunc dövrünə aid kəmər, alban dövrünə aid olan gil qablar, qılınc və qadın qolbaqları şagirdlərdə böyük maraq doğurub. Şagirdlər “Sınıq Körpü” başlıqlı bölmədə İkinci Şıxlı kəndində yerləşən Sınıq Körpünün şəkli və maketi ilə tanış olublar.

Sonra məktəblilər hər kəsin sevimli məkanına çevrilən qalereyaya ekskursiya ediblər. Artıq 32 ildir ki, fəaliyyət göstərən qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin foto-şəkilləri şagirlər tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlərə vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə bağlı ayrıca məlumatlar verilib.

Məktəbin direktoru Minarə Rəhimova, müəllimlərdən Südabə Orucova, Günay Kərimova, Bəhram Həsənov, Saqif Qurbanov artıq ikinci dəfədir ki, təşkil olunan ekskursiyanın məktəblilərin geniş marağına səbəb olduğunu bildiriblər.

Şagirdlərdən Şəhanə Yusifova, Elnaz Alcanova, Ləman Əyyubova, Anar Orucov, Rəbiyyə Yeroğlu, Rəhim İsmayılov ekskursiya barədə təəssüratlarını bölüşərək rayon rəhbərliyinin tapşırığına əsasən təşkil olunmuş bu cür ekskursiyaları yüksək qiymətləndirdiklərini qeyd ediblər. Onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə bütün şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər.

İstər müəllimlər, istərsə də şagirdlər bugünkü ekskursiyadan razılıqlarını bildirərək muzey və qalereyadan xoş təəssüratla ayrılıblar.

Məlumat üçün bildirək ki, bu gün təşkil olunmuş ekskursiyada Kəmərli kənd tam orta məktəbindən 65 şagird və onların müəllimləri iştirak edib.

Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
Ekskursiya məktəblilərin ürəyincədir
GOYEZEN.AZ



Facebook-da paylaş