Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib » Göyəzən internet portalı


Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib

Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Artıq 32 ildir ki, fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyası bu günlər məktəblilərin sevimli məkanına çevrilib. Ənənə halını almış ekskursiyalara yenidən start verilib. Ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər qrafik əsasında qalereyada olaraq burada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə edirlər. Şagirdlər burada olan vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə tanış olurlar.

Artıq dünəndən başlayan ekskursiyanın ilk iştirakçıları S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri olub. Məktəblilərə məlumat verilib ki, hal-hazırda qalereyada ümumilikdə 549 eksponat nümayiş olunur ki, bunlar əsasən boyakarlıq və rəsm əsərləridir. Bildirilib ki, yerli rəssamlardan Qafar Sarıvəlli, Nəcməddin Hüseynov, Alyoş Abdullayev, gənc rəssamlardan Aynurə Mustafayeva, Nəzakət Əhmədova və başqalarının rəsm əsərləri nümayiş olunur.

Qalereyanın direktoru Münəvvər Xəlilova orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyətini qeyd edərək məktəblilərin mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyib.

Ekskursiya iştirakçıları qeyd ediblər ki, bu gün Qazaxda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Məktəblilərin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmaları üçün rayonda bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq ediblər.

Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
Qazax Dövlət Rəsm Qalereyası məktəblilərin sevimli məkanına çevrilib
GOYEZEN.AZ


Facebook-da paylaş