• Təqvim

  • Unutma

  • Maraq



Muzeylə tanışlıq məktəblilərin ürəyincədir

Muzeylə tanışlıq məktəblilərin ürəyincədir
Vətənini, yaşadığın ərazinin, şəhərin, rayonun tarixini, dünəni, bu gününü bilmək hər bir vətəndaşın ən ümdə borcudur. Bütün bunların öyrənilməsində isə bizlərə hər zaman yardımçı olan muzeylərimizdir. 2016-cı ildə Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən Qazax Tarix-Diyarşünaslıq Muzeyinin rayonumuzun tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyəti vardır. Muzey fəaliyyətə başladığı ilk gündən rayonun ali təhsil ocaqları, ümumtəhsil məktəbləri ilə sıx əlaqə saxlayır, onların muzeyə ekskursiyasını təşkil edir.

Ötən il olduğu kimi, bu il də məktəblilərin Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil olunub. Məktəblərin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər göstərilən qrafikə əsasən muzeylə tanış olurlar. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən təşkil olunan ekskursiyanın əsas məqsədi rayonumuzun tarixini, dünənini və bu gününü məktəblilərə tanıtmaq, ümumdünya görüşünü artırmaqdır.

Dünəndən start götürən ekskursiyanın ilk iştirakçıları S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri olub. Məktəblilər muzeydə olan eksponatlarla yaxından tanış olaraq rayonumuz haqqında ətraflı məlumat əldə ediblər.

İlk olaraq 1-ci mərtəbədə yerləşən bölmələr haqqında məlumat verilib. Qazax rayonunun tarixi, dünəni və bu günü haqqında olan ətraflı məlumat, eləcə də, 34 kəndini özündə əks etdirən xəritə şagirdlər tərəfindən maraqla qarşılanıb. Bundan əlavə, Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında ətraflı məlumat verilib. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub.

Qədim daş dövrünə aid bölmə ilə tanış olan məktəblilərə rayonun Daş Salahlı kəndində yerləşən Damcılı mağarası, mezolit, neolit, tunc dövrünə aid olan eksponatlar barədə ətraflı məlumat verilərək onları maraqlandıran suallar cavablandırılıb. Dəmir dövrünə aid olan bölmədə rayonun son tunc və ilk dəmir dövrünə aid nümunələr, tunc dövrünə aid kəmər, alban dövrünə aid olan gil qablar, qılınc və qadın qolbaqları şagirdlərdə böyük maraq doğurub. Şagirdlər “Sınıq Körpü” başlıqlı bölmədə İkinci Şıxlı kəndində yerləşən Sınıq Körpünün şəkli və maketi ilə tanış olublar.

Bundan əlavə, məktəblilər “Qazax sultanlığı” adlı bölmədə o dövrdə yaşamış sultanlar, bəylər, dövlət adamları, şairlər, “Bəy otağı”nda o dövrün xanlarına, bəylərinə məxsus olan həyat tərzi haqqında ətraflı məlumat alıblar.

Daha sonra məktəblilər muzeyin 2-ci mərtəbəsində olan “Alaçığa” baxıblar. Məlumat verilib ki, bu alaçıqlar yaz və yay aylarında qurularmış.

“Qazax xalça məktəbi” adlı bölmədə şagirdlərin diqqətini çəkən Qazax xalçaları haqqında məlumatların monitor vasitəsilə nümayiş edilməsi olub. Şagirdlər bir toxunuşla istədikləri xalça haqqında məlumat əldə edib, tarixən qədim, yundan hazırlanmış xurcuna baxıblar.

“Etnoqrafiya və folklor” bölməsində Qazax bölgəsinə aid qədim toy adət-ənənələri, bir çox özəllikləri ilə seçilən “Şax qaldırdı” mərasimi, milli bayramımız olan Novruz bayramı haqqında olan ətraflı məlumatları şagirdlər maraqla qarşılayıblar.

Eyni zamanda bədii və etnoqrafik özəlliklərə malik Qazax geyimləri, 1867-ci ildə ümum Rusiya at sərgisində mükafat almış “Uzelok” ləqəbli məşhur Dilboz atları haqqında da şagirdlərə məlumat verilib.

“Səməd Vurğun” adlı bölmədə Xalq şairinin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına bəxş etdiyi əvəzolunmaz şeirləri haqqında məlumat alan şagirdlərimizə Qazaxın şairləri, saz, söz adamları ilə tanınması bir daha vurğulanıb.

“Aşıq sənəti” bölməsində ən qədim sənət növü olan aşıq sənəti, aşıqlarımızdan Cəlal Qəhrəmanov, Məmmədyar Eminov, Avdı Avdıyev, Ədalət Nəsibov və başqalarının həyatı, yaradıcılığı haqqında, onların aşıq sənətinin inkişafı naminə gördüyü işlər barədə ətraflı məlumat veriblər. “Qazax qəzası” adlı bölmədə tariximizi yaxından öyrənib, Əliağa Şıxlıniskinin, Nigar Şıxlıniskayanın, İbrahim ağa Vəkilovun, Fərrux Ağa Qayıbovun və başqa tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti barədə maraqlı məlumatlar öyrəniblər.

“Qazax Müəllimlər Seminariyası”, “Görkəmli şəxsiyyətlər”, “Qazax 1920-1990-cı illərdə”, “Qazax Dövlət Dram Teatrı”, “1941-1945: II Dünya müharibəsi”, “Müasir dövr”, “Azərbaycan XXI əsrdə” adlı bölmələrlə tanış olan şagirdlərə hər bölməyə aid maraqlı faktlar çatdırılıb. Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın, işğal altında olan kəndlərimizin adlarını özündə əks etdirən “Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” adlı bölmədə orta məktəb şagirdlərinə müharibənin törətdiyi bəlalar, açdığı yaralar haqqında ətraflı məlumatlar verilib.

Muzeyin direktoru bildirib ki, artıq dünəndən başlayan ekskursiya məktəblilərin geniş marağına səbəb olub. İstər müəllimlər, istərsə də şagirdlər muzeylə tanışlıqdan razılıqlarını bildirir və xoş təəssüratla ayrılırlar.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Afət Yunusova bildirib ki, rayon rəhbərliyinin tapşırığına əsasən təşkil olunmuş bu cür ekskursiyalar istər müəllimlər, istərsə də şagirdlər tərəfindən yüksək qiymətləndirilir. Onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlığını bildirib.

Muzeylə tanışlıq məktəblilərin ürəyincədir
Muzeylə tanışlıq məktəblilərin ürəyincədir
Muzeylə tanışlıq məktəblilərin ürəyincədir
GOYEZEN.AZ


Facebook-da paylaş