Əsas Səhifə > Sosial > Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində son tamamlanma işləri görülür

Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində son tamamlanma işləri görülür


7-02-2020, 14:48


Bu gün ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladıqları sahələrdən biri də məhz mədəniyyət sahəsidir. Ölkə mədəniyyətinin tərəqqisi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunu son illər istər paytaxtda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində yeni mədəniyyət müəssisələrinin inşa edilməsindən, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunmasından, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsindən, mədəniyyət müəssisələrinin sayının ildən-ilə artmasından aydın şəkildə görmək olur.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da istər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə olan qayğı diqqət mərkəzindədir.

Ötən yazılarımızda da xəbər verdiyimiz kimi, xeyli müddətdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmir olunaraq yenidən qurulur. Bu, dövlətimiz tərəfindən qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə olan diqqət və qayğı deməkdir.

Artıq şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində son tamamlanma işləri görülür. Belə ki, otaqlarda divara astar-üzlük, döşəməyə laminat vurulması, qapı və pəncərələrin qoyulması yekunlaşmaq üzrədir. Binanın xarici fasadında isə lazımi hissələrə aqlay vurulub, həyətə metlax döşənib. Bundan əlavə, məktəbin həyətində tikilən qazanxana və sanitar qovşaqlarında da əsas işlərin xeyli hissəsi yerinə yetirilib.

Məlumat üçün bildirək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.


















GOYEZEN.AZ


Geri qayıt