Əsas Səhifə > Sosial > Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbinin əsaslı tikintisi sürətlə davam etdirilir

Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbinin əsaslı tikintisi sürətlə davam etdirilir


12-10-2019, 14:44


Ötən yazılarımızda da xəbər verdiyimiz ki, artıq 3 aydır ki, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi böyük bir tikinti meydançasını xatırladır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri öz əksini tapıb ki, həmin məktəblərdən biri də məhz Kosalar kənd tam orta məktəbidir. Bu gün Heydər Əliyev Fondu tərəfindən həmin məktəb istismara yararsız olması nəzərə alınaraq əsaslı şəkildə yenidən qurulur. Bu, həm Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymət, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğıdır. 

İş icraçısı İlqar Səfərov 3 ay ərzində görülən işlər barədə məlumat verərək bildirib ki, istər əsas binanın, istərsə də keçidlərin dam örtüyü vurulub. Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq işləri tam başa çatıb. Mərtəbələrdə ehtiyac olan hissələrdə arakəsmələr hörülüb. İstilik sistemi, elektrik xətti çəkilir, santexnik işi görülür. Divarlarda astar üzlük vurulması işi aparılır. Eyni zamanda alçipan vurulması üçün alt hissə hazırlanır. Hər üç mərtəbədə pəncərələrin əksəriyyəti qoyulub.

Akt zalı və yeməkxana üçün nəzərdə tutulan binalarda söküntü və suvaq işləri tam başa çatıb. Burada da astar üzlük və santexnik işləri, elektrik xəttinin çəkilişi yerinə yetirilir. İdman zalında isə suvaq işi yekunlaşmaq üzrədir. Məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) tam yekunlaşıb.

İş icraçısı Əhməd Rəhimov isə bütün bu işlərlə yanaşı məktəb binasının arxa hissəsində  iki ədəd həcmi 163 kubmetr olan yanğından mühafizə, bir ədəd həcmi 100 kubmetr olan içməli su hovuzu, nasosxana, qazanxana üçün özül hissənin tökülməsi üçün qazıntı işlərinin aparıldığını qeyd edib. Həmçinin kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyi nəzərə alınaraq məktəbin həyətində arxa hissədə əlavə güləş məktəbinin inşası üçün də işlərə start verildiyini bildirib.

Məlumat üçün qeyd edək ki, təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı bina tam hazırdır və şagirdlər həmin binada təhsil alır. Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Hazırda səhər növbəsində 12 sinif, günorta növbəsində 11 sinif olmaqla şagirdlər yeni binada təhsil alır. Səhər növbəsində I, IV, VII, VIII, IX, X, XI siniflər, günorta növbəsində isə II, III, V, VI siniflər tədrislə məşğul olur.

Məlumat üçün onu da bildirək ki, məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.

Yardımçı bina və dərs prosesi










Tikintini əks etdirən fotolar


















































GOYEZEN.AZ


Geri qayıt