Qazaxda yeni sosial obyektlər inşa olunur » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Qazaxda yeni sosial obyektlər inşa olunur

Qazaxda yeni sosial obyektlər inşa olunur
Sosial infrastrukturun yenilənməsi Qazax rayonunda da uğurla davam etdirilir. İndi rayonda elə kənd və qəsəbə yoxdur ki, orada insanların uzun illərdən bəri ehtiyac duyduqları məsələlər həllini tapmasın. Xüsusilə həyata keçirilən abadlıq və yenidənqurma işləri çərçivəsində daha çox diqqət əhalinin sosial ehtiyaclarının ödənilməsinə yönəldilmişdir.

Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri rayon mərkəzi xəstəxanasıdır.

- Uzun illər idi ki, uyğunlaşdırılmış binada yerləşən bu xəstəxanada əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsində çətinliklər yaranırdı. Həkimlərin iş şəraiti yaxşı deyildi. Xəstəxananın baş həkimi Arzu Novruzov deyir ki, burada əhaliyə tibbi xidmət göstərsək də, işimizdən özümüz də narazı idik. Sağ olsun dövlət başçısı, xəstəxana üçün yeni binanın inşasına vəsait ayırdı. Keçən il bünövrəsi qoyulan xəstəxana kompleksində indi sürətli tikinti işləri gedir. 145 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək. Rayon rəhbərliyi yeni səhiyyə ocağının vaxtında istifadəyə verilməsinə ciddi nəzarət edir, lazım gəldikdə kömək göstərir.

Xəstəxananın tikintisində çalışan inşaatçılarla da görüşdük. Tikintini aparan “Fərid” inşaat şirkətinin iş icraçısı Cəlal Əfəndiyev dedi ki, işlər nəzərdə tutulduğu kimi gedir. Heç bir çətinlik yoxdur. İşlərin ahəngini təmin etmək üçün obyektin həyətində beton zavodu quraşdırılıb. Zavod gün ərzində tikintini 500 kubmetr yüksək keyfiyyətli betonla təmin edir. Ən müasir tələblərə cavab verəcək səhiyyə ocağının bütün korpuslarının beton işləri artıq başa çatmaq üzrədir. Beton işləri ilə yanaşı hörgü işləri də aparılır. Bu da obyektin vaxtında təhvil verilməsinə imkan yaradacaq. Tikintidə 35 nəfər çalışır.
Qazaxda yeni sosial obyektlər inşa olunur
Rayonda gənc nəslin təlim-tərbiyəsi həmişə diqqət mərkəzindədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son on ildə rayonda 7060 şagird yerlik 24 məktəb, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 1100 şagird yerlik 4 məktəb binası inşa olunmuş, 14 məktəb binası əsaslı şəkildə təmir edilmiş, 2 məktəbdə bərpa işləri aparılmışdır. Çaylı kənd 1 nömrəli tam orta məktəbinin əsaslı təmiri başa çatdırıldıqdan sonra Abbasbəyli kəndindəki modul tipli ibtidai məktəb üçün yeni binanın inşasına başlanılmışdır. Bundan başqa, ötən müddət ərzində 3 körpələr evi-uşaq bağçası, o cümlədən Dəmirçilər kənd körpələr evi-uşaq bağçası təmir olunmuş, Qazax şəhərindəki 2, 3, 4 və 6 nömrəli məktəbəqədər uşaq tərbiyə müəssisələrində müasir isitmə sistemi qurularaq istifadəyə verilmişdir.

Hazırda şəhər mərkəzində 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir. Ən müasir standartlara cavab verəcək üçmərtəbəli uşaq tərbiyə müəssisəsində körpələrin təlim-tərbiyəsi üçün zəruri olan bütün infrastruktur nəzərdə tutulmuşdur. Məktəbəqədər hazırlıq qrupu üçün nəzərdə tutulmuş bölmədə, idman zalında, musiqi, istirahət, yataq və məşğələ otaqlarında işlər başa çatdırılmışdır. İş icraçısı Şahmar Quliyev dedi ki, rayon mərkəzində sahəsinə görə ən böyük uşaq bağçası-körpələr evi olan bu müəssisənin avqust ayında təhvil verilməsi nəzərdə tutulmuşdur. “Fərhad” MMC-nin inşa etdiyi obyektin tikintisində 40 nəfərdən artıq işçi çalışır.

Daş Salahlı Qazaxın ən böyük kəndlərindəndir. Kənddə 3 uşaq bağçası fəaliyyət göstərir. Lakin ikisi qəzalı vəziyyətdə olduğundan onların yenidən tikintisinə ehtiyac var idi. Rayon icra hakimiyyətinin təşəbbüsü və kənddə fəaliyyət göstərən “Akkord” sement zavodunun yaxından iştirakı ilə bu bağçalardan ikisində əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır. Burada yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilir. Artıq hər iki bağçada mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zalları inşa edilmiş, mərkəzləşdirilmiş istilik sistemi yaradılmışdır. Bağçaların yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti
28 iyul 2017-ci il


Facebook-da paylaş