Qazax şəhərində aprel döyüşlərindəki şəhidlərimizin xatirəsinə bulaqlar tikilir » Göyəzən internet portalı


Qazax şəhərində aprel döyüşlərindəki şəhidlərimizin xatirəsinə bulaqlar tikilir

Qazax şəhərində aprel döyüşlərindəki şəhidlərimizin xatirəsinə bulaqlar tikilir
Şəhidlik müqəddəslik və ucalıqdır. Bu ucalıq isə hər adama nəsib olmur.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın adı dövlətimiz tərəfindən hər zaman uca tutulub, əbədiləşdirilib.

Şəhidlərin adına salınmış bulaqlar, qoyulmuş büst və xatirə lövhələri bunun bariz nümunəsidir.

Bu gün düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu da torpaqlarının ərazi bütövlüyünün qorunmasında 278 şəhid vermişdir. Vətən sevgisi, doğma el-obasına olan sonsuz məhəbbət hissi onları ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucaltmışdır. Bu zirvəni fəth edənlərin adlarını əbədiləşdirmək, onları ehtiramla xatırlayıb yad etmək isə hər birimizin vətəndaşlıq borcudur.

Rayonumuzda da şəhidlərimizə, onların ruhuna hörmət hissi ilə yanaşılır. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayonumuza təyin olunduğu ilk gündən şəhid ailələrinə diqqət və qayğı göstərir. Onun göstərişinə əsasən şəhidlərin uyuduğu qəbiristanlıqlarda, şəhər və kəndlərimizdəki şəhidlər xiyabanlarında bərpa və abadlıq işlərinin yüksək səviyyədə aparılması göstərilən bu diqqət və qayğının əyani sübutudur. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində artıq şəhərdə, eləcə də Yuxarı Salahlı və Daş Salanlı kəndlərində Şəhidlər Xiyabanları əsaslı şəkildə təmir edilmiş, şəhidlərin adlarına layiq hala gətirilmişdir. Hal-hazırda Çaylı, Xanlıqlar və II Şıxlı kəndlərindəki Şəhidlər Xiyabanlarında da təmir işləri aparılır.

Rayonumuzda şəhidlərə ehtiram Şəhidlər Xiyabanlarında görülən işlərlə bitmir. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən aprel ayında qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları – kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsini yad etmək, onların adını əbədiləşdirmək üçün bulaqların tikintisinə başlanılmışdır. Şəhərin Heydər Əliyev prospektində tikilən bu bulaqlar həm şəhidlərimizin ruhunu şad edəcək, həm də şəhidlərimizə olan diqqətin təzahürü olacaqdır.

Bulaqlar şəhərin mərkəzində, ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə tikilir. İnşa edilən bu bulaqlar öz gözəlliyi ilə diqqəti cəlb edir. Müasir ornamentli divarlara vurulan incə naxışlar sanki şəhidlərin ruhunu oxşayır. Bulağın yanından keçən hər bir vətəndaş içməli sudan istifadə edərkən şəhidlərimizin ruhunu yad edəcəkdir.

Şəhidlərin xatirəsinə inşa olunan bu bulaqlar şəhər sakinlərinin də ürəyincədir. Şəhid ailələri, eləcə də sakinlər rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bu növbəti xeyirxah işinə görə öz dərin minnətdarlıqlarını bildirirlər.

Onu da qeyd edək ki, bulaqların tikintisi işləri başa çatmaq üzrədir. Yaxın vaxtlarda istifadəyə veriləcəkdir.


Facebook-da paylaş