• Təqvim

  • Unutma

  • Maraq



100 ilin problemi... 5 gündə həll olundu

100 ilin problemi... 5 gündə həll olundu
Hər bir problemə hərtərəfli yanaşanda, onun həllinə sözün əsl mənasında can yandıranda mövcud çatışmazlıq tez bir zamanda aradan qaldırılır, illərlə uzanan problem qısa müddətdə həllini tapır.

Rayonumuzda isə belə problem və çatışmamazlıqlar yetərincədir. Uzun illər onlara ciddi fikir verilməmiş, həllinə səy göstərilməmiş və son nəticədə bu məsələ də başqaları kimi “düzəlməz”. “həll olunmaz” bir problemə çevrilmişdir. Bu da öz növbəsində insanlarda, yerli sakinlərdə bir inamsızlıq yaratmışdır. İstər kəndlərimizdə, istərsə də rayon mərkəzində belə “müşkülə” düşən problemlər uzun illər ildən-ilə keçmiş, insanların göz dağına çevrilmişdir.

Mən onlardan yalnız biri haqqında yazıram. Qazaxbəyli kəndindəki su problemi barədə. Bu kəndlərin ən yaşlı sakinləri hətta yaşadıqları ərazilərdə içməli su olduğunu xatırlamırlar belə. Hardan da xatırlasınlar. Gərək içməli su ola ki, onu da yada salasan. Çox təəssüflər olsun ki, son günlərə qədər bu kəndlərdə real vəziyyət belə idi.

Axır ki, bu biganəlik buzu uzun illərdən sonra əriməyə başladı və əridikcə də rayonumuzdakı problemlər bir-bir tarixin yaddaşına köçdü. Qazaxbəyli kəndindəki su problemi kimi.

Bu kənddə camaatın problemi bəlli idi. Zaman artıq bu problemi bir dərdə çevirmişdi. Camaat daha onun həyata keçəcəyinə inanmırdı da. Amma... bəli, amma bu problem öz həllini tapdı. Özü də qısa bir müddətdə. Görünür Qazaxbəyli kəndinə su çəkmək üçün ilk növbədə onu özününkü kimi qəbul etmək və ürəkdən can yandırmaq lazım imiş. Belə olan halda düzəlməyən heç bir iş qalmır. Necə ki, qalmadı da.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayonumuzda fəaliyyətə başladığı ilk gündən insanlara inamı qaytardı, hamının ürəyində bir inam günəşi yandırdı. Digər tərəfdən isə rayonda olan bütün problemlərə reallıqla yanaşaraq onların həllinə çalışır və bütün hallarda buna nail olur. Bu da cənab başçının çatışmamazlıqların həllinə bütün varlığı ilə və ürəkdən yanaşmasından irəli gəlir.

Qazaxbəyli kəndinə içməli su çəkilməsi məsələsinə də Rəcəb Babaşov bu istiqamətdən yanaşdı. İllərdən bəri uzanan bu problemin həlli yollarını tapdı və bu istiqamətdə aidiyyatı təşkilatlara tapşırıqlar verdi. Bəli, 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün keçdi və nə oldu? Qazaxbəyli kəndinə içməli su çəkildi. 100 ilin problemi... 5 gündə həll olundu.

Qazaxbəyliyə çəkilmiş həmin suyun yaxın vaxtlarda Orta Salahlı kəndinə çəkilməsi nəzərdə tutulmuşdur. Deməli, daha 1 kəndin də su problemi yaxın günlərdə aradan qaldırılacaqdır. Bəli, bir xeyirxah iş başqa bir çatışmazlığın aradan qaldırılmasına kömək edəcəkdir. Bununla da Orta Salahlı kənd camaatının da içməli suya olan ehtiyacları ödənəcəkdir.

Bu xeyirxah işə görə bütün kənd sakinləri rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər.

Elçin İSMAYIL


Facebook-da paylaş