Sərhəd kəndi Qaymaqlıda kənd məktəbi üçün yeni bina inşa olunur
Son illər ölkəmizdə cənab Prezident İlham Əliyev
tərəfindən daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz təhsil
sahəsidir. Bunu müxtəlif illər üzrə regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş Dövlət Proqramlarında yeni təhsil ocaqlarının, çoxsaylı
məktəblərin inşa olunması, yaxud da əsaslı şəkildə yenidən qurulması kimi
bəndlərin öz əksini tapmasından da aydın şəkildə görmək olur. Bundan əlavə,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsinin uğurla icra olunması təhsil sahəsinə olan dövlət qayğısından xəbər
verir. Sevindirici hal isə odur ki, bu sahəyə olan dövlət qayğısı
paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində hiss olunur. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə təmirə ehtiyacı
olan 11 məktəbin salınması da bölgələrdə təhsil sahəsinə olan yüksək diqqət və
qayğının Qazaxın timsalında daha bir əyani sübutudur. Dövlət Proqramında əksini tapan məktəblərdən
biri də sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbidir. Hazırda Təhsil Nazirliyi tərəfindən həmin məktəb üçün
180 şagird yerlik yeni bina inşa olunur. İş icraçısı Məhəmməd Səfərovun sözlərinə görə
zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarət
olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi
122 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu
stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Birinci mərtəbədə
hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə
tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8
olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək. İş icraçısı hazırda yeni inşa olunacaq binanın
özül hissəsi üçün qazıntı işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib. Məlumat üçün bildirək ki, Qazaxda Heydər Əliyev Fondu
tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi əsaslı
şəkildə yenidən qurulur. Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün isə
220 şagird yerlik yeni binanın inşasına başlanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş