Qazax: Cəbhəyanı bölgədə həyat öz axarı ilə davam edir » Göyəzən internet portalı


Qazax: Cəbhəyanı bölgədə həyat öz axarı ilə davam edir

Qazax: Cəbhəyanı bölgədə həyat öz axarı ilə davam edir
Havanın hərarətinin yüksəlməsi respublikanın hər yerində yaz-tarla işlərinin başlanmasına rəvac vermişdir. Paytaxt Bakıdan ən uzaq məsafədə yerləşən, Azərbaycanın qərb qapısı sayılan Qazax rayonunda bu iş daha mütəşəkkil təşkil olunmuşdur. Bu günlərdə Qazaxın düşmənlə üz-üzə məğrur dayanan, cəbhə bölgəsində yerləşən Cəfərli, Bala Cəfərli və Fərəhli kəndlərinə səfər etdik. Hər 3 yaşayış məntəqəsi ön cəbhənin təxminən 300-500 metrliyində yerləşir.

Günorta saatlarında biz Cəfərli kəndinə yetişdik. Burada şumlama işləri demək olar ki, başa çatmışdır. İnsanların öz həyətyanı sahələrinə həvəslə çalışdıqlarının şahidi olduq. Cəfərli və Bala Cəfərli kəndlərində 350 ailə, 1477 nəfər əhali yaşayır. Sakinlərin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Kənd sakinlərinin dediklərinə görə, hər bir ailənin iribuynuzlu və xırdabuynuzlu heyvanları vardır. Burada 100 hektar örüş yeri var ki, bu da heyvandarlığın inkişafında mühüüm rol oynayır. Eyni zamanda, kənddə quşçuluq yüksək inkişaf etmişdir. Bir nəfər kənd sakini öz təsərrüfatında 2000-dən artıq quş saxlayır. Son dövrlərdə sakinlər arıçılığa böyük meyl göstərirlər. Bölgənin əlverişli iqlimi və təbiəti arıçılığın inkişafına böyük təkan verir. Arı ailələrinin sayı günbəgün artır.

Ölkə Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə uğurla həyata keçirilir. Cari ildə digər sahələrlə yanaşı, rayonda 50 hektar tütün əkini planlaşdırılır. Keçən il tütün şitilləri başqa rayonlardan alınaraq əkilmişdi. Bu isə baha başa gəldiyindən, hazırda Cəfərli kəndində polietilen örtüklərin altında tütün toxumu səpilərək aqrotexniki qaydada becərilir. Aprel ayının sonlarında yüksək keyfiyyətli, sağlam tütün şitilləri sahələrə basdırılqcaqdır. Burada 8 nəfər kənd sakini çalışır. Cari ildə Cəfərli kəndində 2 hektar tütün şitili əkilməsi nəzərdə tutulmuşdur. Qalan şitillər isə rayonun digər yerlərində əkiləcəkdir. Hazırda becərilməkdə olan tütün şitilləri Qazax rayonunda tələbatı tam ödəyəcək. Tütün əkiləcək sahələrdə şumlama işləri başa çatdırılmışdır. Yaxın zamanlarda sahələrə azot, fosfor və kalium gübrələri veriləcəkdir ki, bu da, məhsuldarlığı bir neçə dəfə artıracaqdır. Qeyd etmək lazımdır ki, artıq kifayət qədər gübrə ehtiyatı görülmüşdür.

Onu da qeyd edək ki, rayonun Kosalar kəndində 30 hektar tütün əkiləcəkdir ki, burada 150 nəfər adam oktyabr ayının sonunadək sahələrdə mövsümi işlə təmin olunacaqdır. Cəfərli və Bala Cəfərli kəndlərində sakinlər 450 hektar taxıl, o cümlədən, 330 hektar buğda, 105 hektar arpa, 15 hektar vələmir səpmişlər. Mütəxəssislərin proqnozuna görə bu il dənli bitkilərdə bol məhsul gözlənilir. Yağıntının miqdarının illik normaya uyğun olması, yüksək reproduksiyalı toxumların səpilməsi, ziyanvericilərə qarşı aparılan mübarizə və digər zəruri tədbirlərin aparılması bunu deməyə əsas verir. Bundan başqa, cari ildə Cəfərli kəndi ərazisində 150 hektar kartof əkini nəzərdə tutulur. Bunun üçün tam münbit şərait mövcuddur. Kənddə əkin-biçinin optimal müddətdə aparılması üçün kifayət qədər kənd təsərrüfatı texnikaları vardır. Azərbaycan dövlətinin aqrar sahəyə göstərdiyi hərtərəfli diqqət və qayğının nəticəsidir ki, kənd sakinləri lizinq yolu ilə 5 ədəd Gəncə avtomobil zavodunun istehsalı olan “Belarus” markalı traktor, 3 ədəd taxılsəpən, 2 ədəd gübrəsəpən, 1 ədəd dərmançiləyən, 4 ədəd otbiçən, 3 ədəd ot kipi bağlayan kənd təsərrüfatı texnikaları almışlar.

Cəfərlilərlə söhbət zamanı 75 yaşlı kənd sakini Sabir Vəliyev bizə yaxınlaşaraq, öz evinə qonaq dəvət etdi. Biz isə səmimi dəvətə görə ağsaqqala öz minnətdarlığımızı bildirdik. O, qeyd etdi ki, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müntəzəm olaraq kəndə gəlir, hamının vəziyyəti ilə şəxsən maraqlanır, kənddə sakinlərin rahat yaşaması, gün-güzəranının yaxşılaşması üçün nə lazımdırsa edir, hətta, başçı özünü Cəfərli sakini hesab edir. Görünən o idi ki, sakinlərə rayon rəhbərliyinin göstərdiyi diqqət və qayğı birmənalı şəkildə kənddə kiçikdən böyüyədək, hamının ürəyincədir. Mənfur düşmənlə üz-üzə yaşayan Cəfərlilər öz ata-baba yurdlarında yaşamağı hər şeydən üstün tuturlar. Bir zamanlar ölkənin digər yerlərinə köçmüş 5 Cəfərli ailəsi keçən il kəndə qayıtmış, yenidən təsərrüfatlarını bərpa etmişlər. Cəfərli sakinləri istehsal etdikləri kənd təsərrüfatı məhsulları ilə özlərini təmin etməklə yanaşı, rayon bazarında da bolluq yaradır, hətta, Bakı şəhərindəki bazarlarda da ət və süd məhsullarının satışını həyata keçirirlər. Sakinlərin rayon mərkəzinə rahat gediş-gəlişi üçün hər gün Cəfərli-Qazax marşrutu üzrə gündə 5 reys, Bala Cəfərli-Qazax marşrutu üzrə isə 4 reys avtobus işləyir.

Növbəti səfərimiz rayonun cəbhəyanı bölgəsində yerləşən Fərəhli kəndi oldu. 1992-ci il iyun ayının 8-də bu yaşayış məntəqəsi mənfur ermənilər tərəfində işğal olunsa da, elə həmin gün kənd sakinləri səfərbər olaraq öz ata-baba yurdlarını işğaldan azad etmişlər. Hazırda, kəndin heç bir sakini kəndi tərk etməmiş, firavan yaşayaraq təsərrüfat işləri ilə məşğul olurlar. Fərəhlidə 235 ailə - 914 nəfər əhali yaşayır. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıqdır. Cari ildə kənddə 340 hektar torpaq şumlanmışdır. Həmin sahədə 262 hektar buğda, 72 hektar arpa səpini aparılmışdır. 20 hektar sahədə kartof əkini nəzərdə tutulmuşdur. Aqrar sektorun gəlirli sahəsi sayılan tütün əkini 6 hektar sahədə aparılacaqdır. Bunun üçün ciddi hazırlıq işləri aparılır. Fərəhli kəndində də kənd təsərrüfatı texnikası ilə bağlı heç bir problem yaşanmır. Kənddə 7 ədəd əkin traktoru, 2 ədəd toxumsəpən, 1 kombayn, 1 ədəd gübrəsəpən, 2 ədəd ot kipi bağlayan, 2 ədəd otyığan və 3 ədəd torpaqmalalayan nizam vəziyyətdədir. Fərəhlidə maldarlığın inkişafında ildən-ilə artım müşahidə olunur. Kənddə 675 baş iribuynuzlu, 1540 baş xırdabuynuzlu heyvan, 2300-dən artıq ev quşları vardır.

Biz kənddə olarkən kənd sakini 80 yaşlı Kamal Mustafayev bizimlə həmsöhbət oldu. O, vurğuladı ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tez-tez kəndə gəlir, sakinlərin ən xırda probleminin belə, qısa zaman kəsiyində həll olunması üçün ciddi addımlar atır. Bu baxımdan, cəbhə bölgəsində yaşayan hər bir Fərəhli sakini icra başçısından yerdən-göyəcən razıdırlar.

Bir sözlə, Qazax rayonunun cəbhə bölgəsində yerləşən kəndlərində həyat öz axarı ilə davam edir. Bu bölgənin füsunkar təbiəti, təmiz havası və suyu qədər insanları da, saf qəlbli, qonaqpərvər, öz vətəninə, elinə, obasına bağlı, məğrur insanlardır. Onlar Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Azərbaycan ordusunun cəsarəti nəticəsində işğal altında olan bütün torpaqlarımızın düşmən taptağından azad olunacağı günün çox yaxında olduğuna əmindirlər.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
11 mart 2017-ci il


Facebook-da paylaş