Qazaxda yeni bağça istifadəyə veriləcək » Göyəzən internet portalı


Qazaxda yeni bağça istifadəyə veriləcək

Qazaxda yeni bağça istifadəyə veriləcək
Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunan körpələrimizin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün hər cür şərait yaradılır. Bu gün rayonumuzda tikilən yeni-yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları bütün bunların ən bariz nümunəsidir.

Artıq bir neçə ay bundan əvvəl tikintisinə başlanılan 100 yerlik yeni bağça binasının tikintisi həyata keçirilən məqsədyönlü işlərin əyani sübutudur.

Yeni bağçada demək olar ki, işlər böyük sürətlə davam etdirilir. Bunun nəticəsidir ki, ardıcıl olaraq tez bir zamanda özül işləri – armaturlama və beton işləri başa çatdırılıb. Artıq 1-ci və 2-ci mərtəbələrdə hörgü işləri də tamamlanıb.
Qazaxda yeni bağça istifadəyə veriləcək
Hal-hazırda 3-cü mərtəbənin hörgüsünə hazırlıq işləri görülür. Bunun üçün qəlib və karkaslar bağlanıb, betontökmə işləri aparılıb. İşlərin belə sürətlə aparılması onu deməyə əsas verir ki, yaxın vaxtlarda yeni binanın inşası başa çatdırılacaqdır.
Qazaxda yeni bağça istifadəyə veriləcək
Məlumat üçün bildirək ki, yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan ibarət olacaqdır. Bağçanın əsas korpusunun 3 mərtəbədən və zirzəmidən ibarət olması nəzərdə tutulub.

Əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana da olacaqdır.

Eyni zamanda yeni bağça binası hasar, darvaza və alaqapıdan ibarətdir. Yeni bağçada oyun meydançası, 3 ədəd söhbətgah da olacaqdır ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün olduqca vacibdir.

Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, sanitar-uzel otağı, ütüləmə, mətbəx, tibb kabineti, qabyuma otağı da tikiləcəkdir. Bundan əlavə holl, direktor, müavin, kompyuter və dəftərxana otaqlarının da tikintisi nəzərdə tutulub.

Onu da qeyd edək ki, tikintinin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir. Obyektin tikintisini isə “Fərhad” MMC tikinti təşkilatı yerinə yetirir.

Sahə rəisi Şahmar Quliyevin GOYEZEN.AZ saytına verdiyi məlumata görə yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisinin bu ilin aprel ayında başa çatdırılması nəzərdə tutulub.

Beləliklə, yaxın vaxtlarda müasir standartlara cavab verən yeni bağça körpə fidanların istifadəsinə veriləcəkdir.


Facebook-da paylaş