Məzəm kəndində istinad divarı çəkilir
Bu gün Ermənistanla 168 km
sərhəddi olan Qazax rayonunda sakinlər düşmən tərəfindən elan olunmamış
müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Rayonun 7 kəndi 25 ildən çoxdur
ki, işğal olunub. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır.
Həmin kəndlərdən sərhədə ən yaxın olanı isə rayonun Məzəm kəndidir. Münaqişə
başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu qəhrəman kənd 8 şəhid verib.
Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər
kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərifət
Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Düşmən mövqelərindən atəşə
məruz qalan kənd sakinləri daima qorxu altında yaşayırdılar. Hər zaman düşmən
gülləsi ilə üz-üzə dayanan kənd sakinləri normal şəkildə yaşaya bilmirdilər.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə başladığı ilk
gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi diqqət və qayğı ilə
yanaşması bu gün hər kəsə yaxşı məlumdur. Rayon rəhbərinin bütün sahələrlə
yanaşı, sərhəddə yaşayan sakinlərin təhlükəsizliyini daim diqqət mərkəzində
saxlaması, həmin sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması,
istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər
həyata keçirməsi bu qayğının bariz nümunəsidir.
Rayon rəhbərliyi elə ilk
gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın
məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə
göstəriş vermişdi. Bundan əlavə, sakinlərin təhlükəsiz şəraitdə gediş-gəlişini
təmin etmək məqsədilə yol kənarına da istinad divarı çəkildi. Kəndin sərhəddə
yerləşməsi nəzərə alınaraq əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu
günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad
divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5
evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə
tutulub.
Məzəm kəndində müdafiə
hasarlarının çəkilməsi işi bu il də davam etdirilir. İcra başçısı vətəndaşların
müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə
yenidən yol kənarında istinad divarının çəkilməsi barədə tapşırıq verib. Rayon
rəhbərinin tapşırığına əsasən tikilən və sərhəddə yaşayan kənd əhalisinin
təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə
1 kilometrə yaxın olacaqdır. Artıq hasarın çəkilməsinə başlanılıb. Belə ki,
hazırda özül hissə tökülür. Yaxın günlərdə də hörgü işləri görüləcək. Bunun
üçün lazım olan tikinti materialları gətirilib.
İstər evlərinin qarşısına
istinad divarları çəkilmiş ev sahibləri, istərsə də digər kənd sakinləri sərhəd
kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad
divarlarının çəkilməsinə görə Respublika Prezidenti İlham Əliyevə dərin
minnətdarlıqlarını bildirirlər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon
rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırırlar.
GOYEZEN.AZ
Facebook-da paylaş